
Bakı.Trend:
Azərbaycanın sağlamlıq turizm imkanlarının və sağlamlıq turizm
məhsullarının beynəlxalq miqyasda tanıdılması, təbliğatının
aparılması istiqamətində Dövlət Turizm Agentliyi tərəfindən
intensiv iş aparılır.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Turizm
Agentliyindən məlumat verilib.
Bildirilir ki, Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə
xarici sərgilərdə Azərbaycanın sanatoriya-kurort müəssisələri də
iştirak edərək bu sahədə təbliğatın aparılmasına dəstək
verirlər:
“Son illərdə bu sahəyə marağın artması ilə əlaqədar bir sıra
turizm şirkətləri yerli sanatoriya və müalicə mərkəzləri ilə
əməkdaşlıq çərçivəsində müxtəlif turpaketlər hazırlayırlar.
2024-cü il ərzində Azərbaycanın sağlamlıq turizmi xidmətlərindən
faydalanmaq üçün ümumilikdə 23 272 nəfər xarici vətəndaş səfər edib
ki, bu sayın təxminən 83.4%-ni MDB ölkələrindən gələnlər təşkil
edib. Səfər edənlər arasında ilk beşlikdə Rusiya Federasiyası (15
360 nəfər), Qazaxıstan (2 199 nəfər) , Türkiyə (1311 nəfər),
Gürcüstan 1068 (nəfər) və Özbəkistan 935 (nəfər) vətəndaşları yer
alır. İlk onluqda Qırğızıstan, Türkmənistan, Tacikistan, Ukrayna və
Belarus kimi ölkələr sıralanır”.
Qeyd edilib ki, iyulun 17-də “Sağlamlıq turizminin inkişafı üzrə
işçi qrupu”nun iclasında İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi,
Dövlət Neft Şirkəti, Azərbaycan Milli Elmlər Akademiyası, İcbari
Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini
İdarəetmə Birliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat
Agentliyi, Naftalan Şəhər İcra Hakimiyyəti kimi dövlət qurumlarının
nümayəndələri və ekspertlər iştirak edib.
“İşçi qrup tərəfindən “Sağlamlıq turizminin inkişafında Naftalan
neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr
tarixli 308 nömrəli Sərəncamının icrasının təmin edilməsi” barədə
Nazirlər Kabinetinin 8 oktyabr 2024-cü il tarixli 515s nömrəli
Sərəncamının bəndlərinin icrasının təmin olunması məqsədilə
hazırlanan sənədlərin cari vəziyyəti ilə bağlı müzakirə keçirilib.
Həmçinin “Naftalan” kurortunda asudə vaxtın təşkil edilməsi
barəsində fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib.
Naftalanı ziyarət edən turistlərin sağlamlıq-kurort
müəssisələrindən istifadəsi ilə yanaşı, asudə vaxtlarında digər
sosial-mədəni fəaliyyətlərdən istifadə etmələri üçün mövcud
şəraitin inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub”, – qurumdan
əlavə olunub.