
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp xarici yardım və ictimai yayım
orqanlarına ayrılan dövlət xərclərini ümumilikdə 9 milyard dollar
azaldan qanunu imzalayıb.
Trend xəbər verir
ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Qanun daha əvvəl ABŞ Konqresi tərəfindən təsdiqlənmiş və
“müəyyən dövlət xərclərinin ləğvi”ni nəzərdə tutan müddəaları əhatə
edir.
Sənədə əsasən:
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyəti üçün
Dövlət Departamentinə ayrılmış 7,9 milyard dollar,
Amerika İctimai Yayım Korporasiyası (CPB) üçün nəzərdə tutulan
1,1 milyard dollar federal büdcəyə qaytarılacaq.
Qeyd olunur ki, bu məbləğ demək olar ki, NPR və PBS-nin iki
illik hökumət maliyyəsinə bərabərdir. NPR ABŞ-da 797
radiostansiyanı, PBS isə bütün 50 ştatda 354 qeyri-kommersiya
televiziyasını əhatə edir.
Xatırladaq ki, Tramp iyunun 4-də Konqresə xarici yardım və
ictimai yayım üçün maliyyənin ləğvini tələb edən müraciət
göndərmişdi.
Həmçinin qeyd edilir ki, ABŞ hökuməti sentyabrın 30-dək USAID-in
xarici nümayəndəliklərini ləğv etməyi və onun proqramlarına birbaşa
Dövlət Departamenti vasitəsilə nəzarət etməyi planlaşdırır.