
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp ölkəsinin xarici investisiyalar
müqabilində digər ölkələr üçün gömrük tariflərini azaltmağa hazır
olduğunu bildirib.
Trend xəbər verir
ki, bunu Tramp jurnalistlərin belə sövdələşmələrin mümkünlüyü ilə
bağlı sualı cavablandırankən deyib.
“Bəli, təbii ki, icazə verərdim ki, digər ölkələr daha aşağı
tariflər üçün ödəniş etsinlər”, – deyə, Tramp bildirib.
Prezident nümunə olaraq ABŞ və Yaponiya arasında iyulun 22-də
elan edilən razılaşmaları göstərib. Trampın sözlərinə görə,
Yaponiya ABŞ-yə 550 milyard dollar sərmayə yatıracaq və bunun
müqabilində ABŞ-ın Yaponiyadan idxal etdiyi məhsullara tariflər 28
faizdən 15 faizə endiriləcək.
“Yaponiya nə etdi? Onlar özlərinə tarif endirimi aldılar. Bizə
550 milyard dollar verdilər, bu da rüsumları bir qədər aşağı saldı.
Bu, kredit və ya buna bənzər bir şey deyil. Mən bunu ticarət
müqaviləsinin imzalanması mükafatı adlandırıram”, – Tramp
bildirib.
Əgər bu sərmayələr olmasaydı, Trampın sözlərinə görə, Yaponiya
mallarına tətbiq ediləcək idxal tarifləri 28 faiz olacaqdı.
Qeyd edək ki, 2024-cü ilin sonuna ABŞ və Yaponiya arasında
ticarət dövriyyəsi 227,9 milyard dollar təşkil edib. Bunun 79,7
milyard dolları ABŞ-dan Yaponiyaya, 148,2 milyard dolları isə
Yaponiyadan ABŞ-a ixracın payına düşüb.

