
Bakı. Trend:
Cənubi Koreya ABŞ ilə aparılan tarif danışıqları çərçivəsində
100 milyard dollar dəyərində investisiya təklifi irəli sürməyi
planlaşdırır.
Trend xəbər verir
ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Bildirilir ki, hazırda Vaşinqtonda səfərdə olan Cənubi Koreyanın
ticarət nümayəndə heyəti sözügedən təklifi iyulun 24-nə nəzərdə
tutulan “2+2” formatlı görüşdə təqdim etməli idi. Lakin ABŞ-nin
maliyyə naziri Skot Besentin təcili işi ilə əlaqədar görüş təxirə
salınıb.
Təklif olunan sərmayə paketinə “Samsung”, “SK Group”, “Hyundai
Motor” və “LG Group” kimi Cənubi Koreyanın aparıcı sənaye
şirkətlərinin ABŞ-də həyata keçirmək istədiyi investisiya planları
daxildir.
Cənubi Koreya Maliyyə Nazirliyinin məlumatına görə, təxirə
salınmış görüşdə ABŞ tərəfdən maliyyə naziri Skot Besent və ticarət
nümayəndəsi Ceymison Qrir, Koreya tərəfdən isə maliyyə naziri Koo
Yun-çeol və ticarət naziri Yeo Han-koo iştirak etməli idi. Hazırda
Koreya nümayəndələri görüşün yeni tarixinin müəyyənləşdirilməsini
gözləyirlər.
Qeyd edək ki, bu addım Yaponiyanın oxşar təşəbbüsündən sonra
atılır. ABŞ Prezidenti Donald Tramp iyulun 23-də Yaponiya
məhsullarına idxal rüsumlarını 25 faizdən 15 faizə endirmək barədə
razılaşma əldə etdiklərini bildirib. Bunun müqabilində Tokio ABŞ-a
550 milyard dollar sərmayə qoymağı, həmçinin öz avtomobil və kənd
təsərrüfatı bazarlarını amerikalı şirkətlər üçün daha açıq etməyi
öhdəsinə götürüb.
Tramp administrasiyasının genişmiqyaslı tarif siyasətinə cavab
olaraq, Cənubi Koreya şirkətləri də ABŞ-də investisiya imkanlarını
genişləndirməyə maraq göstərir. Məsələn, “Hyundai Motor” 2028-ci
ilə qədər ABŞ-də 21 milyard dollar, “Samsung Electronics” ən azı 37
milyard dollar, “SK hynix Inc” isə 3,87 milyard dollar investisiya
yatırmağı planlaşdırır.