“Intel” müflis olmamaq üçün qəti ölçülərə əl atacaq

Baş səhifə

Bakı. Trend:

Amerikanın texnologiya nəhəngi, kompüter mikroprosesorlarının
aparıcı istehsalçısı “İntel” korporasiyasının yeni rəhbərliyi
şirkəti müflisləşməkdən qurtarmaq üçün minlərlə işçini ixtisar
etməyi və şirkətin büdcə xərclərini maksimum azaltmağı
planlaşdırır.

Trend xəbər verir
ki, bu barədə “Euronews” məlumat yayıb.

Şirkətin yeni baş direktoru əvvəllər Silikon Vadisinin
formalaşmasına töhfə vermiş, lakin son illərdə “Nvidia Corp”. və
“Advanced Micro Devices Inc.” kimi rəqiblərindən geri qalmış bu çip
nəhəngini belə qəti ölçülərlə dirçəltməyə çalışır.




Cümə axşamı günü əməkdaşlara ünvanladığı məktubda baş direktor
Lip-Bu Tan bildirib ki, “Intel” ilin sonuna qədər törəmə şirkətlər
istisna olmaqla, 75.000 nəfərlik “əsas” işçi heyətlə fəaliyyəti
davam etdirəcək. Bu göstərici ötən ilin sonunda 99.500 təşkil
edirdi. Şirkət daha əvvəl işçi qüvvəsinin 15% azaldılacağını elan
etmişdi.

1968-ci ildə fərdi kompüter inqilabının başlanğıcında təsis
olunan “Intel” süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə
daha ağır problemlərlə üz-üzə qalıb. Bu sahədə əvvəllər daha kiçik
rəqib olan “Nvidia”nın istehsal etdiyi çiplər texnologiya
dünyasının ən çox tələbat görən məhsuluna çevrilib.

Kaliforniya ştatının Santa Klara şəhərində yerləşən “Intel”in
bazar dəyəri cümə axşamı bazar bağlanışında 98.71 milyard dollar
(təxminən 84 milyard avro) təşkil edib. Bu rəqəm “Nvidia”nın 4.24
trilyon dollar (təxminən 3.61 trilyon avro) olan bazar dəyəri ilə
müqayisədə çox aşağıdır.