
Bakı. Trend:
Gələcəkdə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) digər inkişaf
etmiş bazarlarda da bərpa olunan enerji və strateji infrastruktur
sahəsində investisiya imkanlarının dəyərləndirilməsini
planlaşdırır.
Bu barədə Trend-in sorğusuna cavab olaraq ARDNF-dən
bildirilib.
“Enerji keçidi, rəqəmsallaşma və logistika kimi qlobal trendlər
Fondun investisiya gündəmində əsas istiqamətlərdən biridir və bu
çərçivədə həm birbaşa, həm də müştərək investisiya formatlarında
strateji təşəbbüslərlə çıxış etməyə davam edəcəyik”, – Fonddan
vurğulanıb.
Qeyd edilib ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF)
“Enfinity Global” şirkətinə məxsus 402 MVt-lıq günəş enerjisi
portfelində pay əldə etməsi, Fondun uzunmüddətli və məsuliyyətli
institusional investor kimi həm maliyyə dayanıqlılığına, həm də
qlobal enerji keçidinə verdiyi strateji töhfənin bariz nümunəsidir: “Bu investisiya nəticəsində hər il təqribən 685 milyon kilovat-saat
təmiz enerji istehsalı və 185 min tona yaxın karbon emissiyasının
azaldılması nəzərdə tutulur. Eyni zamanda, layihə İtaliyanın enerji
təhlükəsizliyinə, əhalinin enerji təminatına və Avropa İttifaqının
REPowerEU planına dəstək verir”.
Məlumatda vurğulanıb ki, Fond üçün bu investisiya coğrafi
diversifikasiyanın və real aktivlər portfelinin genişləndirilməsi
baxımından əhəmiyyətlidir.
“Uzunmüddətli enerji alqı-satqı müqavilələrinə (PPA) əsaslanan
bu layihə proqnozlaşdırıla bilən və inflyasiyaya uyğunlaşdırılmış
gəlir axınları təmin etməklə Fondun maliyyə sabitliyini
gücləndirir. Bundan əlavə, bu tərəfdaşlıq ARDNF-yə İtaliya kimi
əsas bir bazarda mövqeyini möhkəmləndirməyə və dayanıqlı enerji
sahəsində ekspertizasını daha da dərinləşdirməyə imkan yaradır”, –
deyə məlumatda bildirilib.
Qeyd edək ki, cari ilin iyulun 18-də Romada Azərbaycan
Respublikasının Dövlət Neft Fondu (ARDNF) ilə “Enfinity Global”
şirkəti arasında sövdələşmənin bağlanması mərasimi keçirilib.
Tədbirdə İtaliya hökumətinin nümayəndələri, diplomatlar və media
təmsilçiləri iştirak ediblər. Mərasimdə ARDNF-nin icraçı direktoru
İsrafil Məmmədov, “Enfinity Global”ın Avropa üzrə rəhbəri Xulio
Furnye Fisas və İtaliyanın Sahibkarlıq və “Made in Italy” proqramı
üzrə Nazirliyinin Bazarların Müdafiəsi Departamentinin direktoru
Amedeo Teti iştirak ediblər.
Sövdələşmə çərçivəsində SOFAZ “Enfinity Global” şirkətinə məxsus
ümumi gücü 402 MVt olan günəş elektrik stansiyaları portfelinin 49
faizini əldə edib. Şirkət isə 51 faizlik nəzarət payını saxlayaraq
aktivlərin uzunmüddətli idarəçiliyini davam etdirəcək.