
Bakı. Trend:
Fransada 2024-cü il iyunun 1-dən 2025-ci il mayın 31-dək 651 min
şəxs vəfat edib, 650 min körpə dünyaya gəlib. İkinci Dünya
müharibəsindən bəri ilk dəfə qeydə alınan bu göstərici demoqrafiya
üzrə tədqiqatçıların fikrinə görə, artıq gecikmiş bir nəticədir və
onun uzunmüddətli təsirləri çox ciddi ola bilər.
Trend xəbər verir ki, Fransa
Statistika İdarəsi (Insee) bu vəziyyətin əvvəllər 2027-ci ildə baş
verəcəyini proqnozlaşdırsa da, trendlər dəyişdi və bu tarixi dönüş
2025-ci ildə baş verdi. Bildirilir ki, doğum nisbətində azalma
2007-ci ildən bəri davam edir, lakin gözlənilən canlanma baş
vermədi. İnsanlar ailə qurmaq və ya uşaq sahibi olmaq qərarını daha
gec verirlər. Eyni zamanda, uşaq istəməyənlərin sayı da artır.
25-29 yaşlı şəxslərin 20 faizi valideyn olmağa tərəddüd edir.
Digər tərəfdən isə əhalinin yaşlanması səbəbi ilə ölüm sayı hər
il artır. 1945–1973-cü illər arasındakı “baby-boom” nəsli indi 85
yaşını keçməkdədir – bu isə təbii ölüm sayını artırır. 2024-cü ilin
qışında güclü qrip dalğası bu tendensiyanı daha da gücləndirib.
Qeyd edilir ki, bu tendensiya təkcə Fransada yox, bütün Avropada
müşahidə olunan bir fenomendir. Sadəcə Fransa bu vaxta qədər müsbət
demoqrafik saldosunu qoruyub saxlaya bilmişdi. Artıq bu da
dəyişib.
Mütəxəssislər bildirirlər ki, bu demoqrafik dəyişikliklərin əsas
təsirləri 2030-cu illərdə özünü göstərəcək. Uşaqların azalması
iqtisadiyyata mənfi təsir göstərəcək. Bu, gələcəkdə əmək bazarında
iştirak edənlərin, eləcə də istehlakçıların sayının azalmasıdır.
Azalan doğumlar səbəbi ilə uşaq müəssisələri bağlana bilər, xüsusən
də kənd rayonlarında bu, yerli icmalar üçün dağıdıcı ola bilər. 20
ildən sonra pensiya sisteminə töhfə verəcək insanların sayı
azalacaq, baxım işçilərinə tələbat artacaq, amma təminat olmayacaq.
Sağlamlıq sistemində, siyasətdə və resurs bölgüsündə yaşlılarla
gənclər arasında qarşıdurma riski artacaq.