
Bakı. Trend:
Qəzza zolağında atəşkəs əldə olunduqdan sonra Böyük Britaniya
Fələstin dövlətini rəsmən tanıya bilər.
Trend xəbər verir
ki, bu barədə ölkənin baş naziri Kir Starmer X sosial şəbəkəsində
yayımlanan videomüraciətində bildirib.
“Ən yaxın müttəfiqlərimizlə birlikdə müharibədən əziyyət
çəkənlərin həyatını yaxşılaşdıracaq real həll yollarına
fokuslanaraq regionda davamlı sülhün təmin olunması üçün strategiya
üzərində işləyirəm. Bu strategiya vacib atəşkəsi uzunmüddətli sülhə
çevirməyə yönəlmiş konkret addımları əhatə edəcək. Fələstin
dövlətinin tanınması da bu addımlardan biri olmalıdır. Bu məsələdə
mövqeyim tam aydındır,” – deyə Starmer vurğulayıb.
O həmçinin əlavə edib ki, Fələstinin tanınması iki dövlət
prinsipinə və həm fələstinlilər, həm də israillilər üçün
uzunmüddətli təhlükəsizlik təminatına əsaslanan daha geniş sülh
planının tərkib hissəsi olmalıdır.
Qeyd edək ki, Fələstin dövlətinin tanınması vədi 2024-cü ilin
iyulunda keçirilən ümumi seçkilərdə qələbə qazanaraq hakimiyyətə
gələn Leyborist Partiyasının seçki proqramında da yer alıb. Bununla
belə, konkret vaxt hələ açıqlanmayıb. Starmer daha əvvəl də
bildirmişdi ki, London bu addımı “uyğun zaman” atacaq.