
Bakı. Trend:
Türkiyənin Bursa, Uşak, Karabük və Kahramanmaraş vilayətlərində
meşə yanğınları başlayıb.
Trend-in
məlumatına görə, yanğınlara havadan və qurudan genişmiqyaslı
müdaxilə işləri həyata keçirilir. Güclü külək yanğının daha da
genişlənməsinə səbəb olub.
Bursa: Üç rayonda yanğın səbəbindən bəzi magistral yollar, o
cümlədən Bursa dairəvi yolu nəqliyyatın hərəkəti üçün bağlanıb.
Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki,
Kestel rayonundakı iki kənddən 1300-dən çox insan təxliyə
edilib.
Uşak: Təhlükəsizlik məqsədilə bir kənd və iki məhəllə təxliyə
olunub. Bəzi evlərin yanğından zərər gördüyü qeyd edilir.
Karabük: Bu vilayətdə yanğınla mübarizə artıq dörd gündür davam
edir. Hazırkı vəziyyətə görə, 18 kənd və 50 məhəllə boşaldılıb.
Kahramanmaraş: Yanğın nəticəsində 3 ev yanıb, 130 nəfər isə
təhlükəsiz ərazilərə təxliyə edilib.
Yanğınların tam söndürülməsi və vətəndaşların təhlükəsizliyinin
təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Rəsmi
qurumlar vətəndaşları təxliyyə planlarına əməl etməyə və rəsmi
xəbərdarlıqlara diqqət yetirməyə çağırır.

