
Bakı. Trend:
Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung”, ABŞ-ın
elektrikli avtomobil istehsalçısı “Tesla” ilə uzunmüddətli
mikroelektronika istehsalı müqaviləsi imzalayıb.
Trend-in
“Bloomberg”ə istinadən verdiyi məlumata görə, müqavilənin ümumi
dəyəri 16,5 milyard dollar təşkil edir və 2033-cü ilin sonuna qədər
qüvvədə olacaq.
Agentliyin qeyd etdiyi kimi, bu müqavilə “Samsung”un son
dövrlərdə mikroçip istehsalı sahəsində bazar payını itirdiyi bir
dövrdə əldə olunub. Hal-hazırda mikroçip bazarında lider olan
Tayvan şirkəti “TSMC”, məhsullarına olan yüksək qlobal tələbat
səbəbilə bəzi sifarişləri vaxtında yerinə yetirməkdə çətinlik
çəkir. Bu isə “Samsung” üçün yeni sifarişlər və bazar imkanları
yaradır.
Məlumata görə, hər iki nəhəng istehsalçı – “Samsung” və “TSMC” –
yaxın illərdə 2 nanometrlik çiplərin istehsalına keçməyi
planlaşdırır ki, bu da texnologiya sahəsində yeni mərhələ olacaq.
Bu kontekstdə “Tesla” ilə bağlanan müqavilə “Samsung”un istehsal
gücünü tam yükləməsinə və rəqabətdə mövqeyini möhkəmləndirməsinə
şərait yaradacaq.