İlon Maskın şirkəti “Samsung”la 16 milyard dollarlıq müqavilə bağlayıb

Baş səhifə

Bakı. Trend:

Cənubi Koreya nəhəngi olan “Samsung Electronics”in ABŞ-dakı
istehsalat zavodu “Tesla”nın avtopilot funksiyası üçün nəzərdə
tutulan çipləri istehsal edəcək.

Trend xəbər verir
ki, bunu “Tesla” şirkətinin rəhbəri, amerikalı milyarder İlon Mask
öz “X” səhifəsində elan edib.

Bu, həm “Samsung”, həm də ABŞ çip sənayesi üçün rekord
səviyyəsində bir müqavilə olacaq.

“X” platformasında dərc olunan digər bir paylaşımda qeyd olunur
ki, bu müqavilənin dəyəri 16,5 milyard ABŞ dolları təşkil edir.
Mask isə qeyd edir ki, bu “yalnız minimal məbləğdir. Əsl istehsal
həcmi bir neçə dəfə artıq ola bilər.”




Maskın sözlərinə görə, Texas ştatında yerləşən “Samsung”
istehsalat müəssisəsində hələ satışa çıxarılmamış Tesla
avtomobilləri üçün qabaqcıl texnologiyalı yeni nəsil mikroçiplər
istehsal olunacaq.

“Samsung”un Texasda inşa etdiyi nəhəng yeni fabriki “Tesla”nın
növbəti nəsil AI6 çipinin istehsalına həsr olunacaq. Bu
əməkdaşlığın strateji əhəmiyyətini yüksək qiymətləndirməmək
çətindir” – Musk belə deyib.

“Samsung” 2017-ci ildən “Tesla” ilə əməkdaşlıq etsə və AI4
çipini istehsal etsə də, AI5 çipi üzrə müqaviləni əvvəlcə Tayvanda,
yaxın zamanda isə ABŞ-nin Arizona ştatında istehsalatı
planlaşdırılan TSMC şirkətinə uduzub.

AI6 çipi yalnız “Tesla” avtomobillərində deyil, həm də şirkətin
insana bənzər robotlarının texnoloji inkişafında və süni intellekt
modellərinin təlimində istifadə ediləcək.