
Bakı. Trend:
Avropa Komissiyası (AK) Kiyevə antikorrupsiya qurumlarına
təzyiqlərin davam edəcəyi təqdirdə Avropa fondundan Ukraynaya
maliyyə yardımının tam dayandırılmasının mümkünlüyü barədə
xəbərdarlıq göndərib.
Trend-in
məlumatına görə, bu barədə “Frankfurter Allgemeine Zeitung” qəzeti
mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, müvafiq məktub iyulun 21-də Ukraynanın
Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Bürosu və İxtisaslaşdırılmış
Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun müstəqillikdən faktiki
olaraq məhrum edilməsi cəhdindən sonra daxil olub. Bildirilib ki,
Ali Radanın deputatı və baş nazirin Avropa məsələləri üzrə keçmiş
müavini İvanna Klimpuş-Tsintsadze müvafiq sənədin alındığını
təsdiqləyib.
Onun sözlərinə görə, orada bildirilib ki, “korrupsiyaya qarşı
mübarizə orqanları ilə bağlı vəziyyət həll olunmazsa, Aİ fondunun
maliyyə yardımı dondurulacaq”. Bu, “təkcə onun bir hissəsinə deyil,
bütün növbəti tranşalara” aiddir.