
Azərbaycan Boks Federasiyası Serbiyanın Zlatibor şəhərində məktəbli boksçular arasında Avropa çempionatında Yusif Ağakişiyevlə (75 kq) Viktor Maystroviçin final görüşündə texniki direktor Hamza Avezovla bağlı yaşanan qalmaqala aydınlıq gətirib.
“Report” xəbər verir ki, idman etikasına uyğun hərəkət etmədiyinə görə, H.Avezovla bağlı Azərbaycan Boks Federasiyasının təlimatına və qaydalara uyğun olaraq addım atılacağı bildirilib.
Adıçəkilən döyüşdə şimali makedoniyalı hakim Stefan Subalevskinin qərəzli yanaşaraq, şəxsi maraqlarını üstün tutaraq, saxtakarlıq edərək boksçumuzun təmiz qələbəsini əlindən aldığı və onu çempionluqdan məhrum etdiyi qeyd olunub.
Bununla əlaqədar federasiya olaraq hakim barəsində də tədbir görülməsi üçün aidiyyatı beynəlxalq təşkilata müraciət hazırlandığı nəzərə çatdırılıb.