“Masdar” “Qaradağ” günəş elektrik stansiyasında mövcud güclərin artırılmasında böyük potensial görür (EKSKLÜZİV)

Baş səhifə

Bakı. Trend:

“Masdar” şirkəti Azərbaycanda “Qaradağ” günəş elektrik
stansiyasında mövcud güclərin artırılmasında böyük potensial
görür.

Bunu Trend-ə özəl
müsahibəsində “Masdar”ın Azərbaycandakı nümayəndəliyinin direktoru
Murad Sadıxov bildirib.

“Stansiyanın pik gücü 230 meqavatdır və tam gücü ilə işləyir.
Artıq Energetika Nazirliyi ilə stansiyanın gücünün artırılması
məsələsi üzrə müəyyən məsləhətləşmələr aparmışıq. Sahəmizin
yaxınlığında çoxlu sayda əlçatan torpaq sahələri var və biz
genişlənmək üçün yaxşı potensial görürük”, – deyə o bildirib.

İkincisi, onun sözlərinə görə, istehsal olunacaq enerjini alacaq
potensial alıcının (offteykerin) tapılması vacibdir.

“Bu məsələlər hazırda müzakirə olunur. Belə imkan yarandıqda,
düşünürəm ki, layihənin yeni mərhələsini başlada biləcəyik”, – deyə
o əlavə edib.

Sadıxov qeyd edib ki, 2025-ci ilin iyun ayında “Qaradağ” günəş
elektrik stansiyasının elektrik enerjisi istehsalı ümumilikdə 68,8
milyon kilovatt-saat təşkil edib.




“Bu, 2025-ci ildə “Qaradağ” stansiyasının faktiki generasiya
göstəricisidir. 9 iyulda stansiyanın istifadəyə verilməsindən bu
günə qədər ümumilikdə 800 milyon kilovatt-saat “yaşıl” enerji
istehsal olunduğunu qeyd etdik. Bu, çox yüksək göstəricidir”, –
deyə o bildirib.

Stansiyada istifadə olunan innovativ texnologiyalar barədə
danışan Sadıxov qeyd edib ki, obyekt 570 000 ədəd ikitərəfli günəş
panelindən ibarətdir.

“Bu yeni texnologiya enerjini panellərin həm ön, həm də arxa
tərəfindən hasil etməyə imkan verir. Günəşin hərəkətini və bucağını
izləyən sistemdən istifadə olunur. Stansiyada 820 ədəd sim
invertoru var və bütün enerji “Azərenerji”nin şəbəkəsinə ötürülür”,
– deyə Sadıxov izah edib.

O əlavə edib ki, stansiyada hər şeyin düzgün işləməsini təmin
etmək üçün “Masdar” şirkətinin texniki xidmət komandası fəaliyyət
göstərir.

“Günəş stansiyasının istismarı və texniki xidməti uzunmüddətli
marafondur. Bu stansiya daim tam gücü ilə işləməlidir. Ona görə də “Masdar” şirkətinin bu sahədə ixtisaslaşmış texniki xidmət şirkəti
var – “Masdar Specialized Technical Service Company” (MSTS).
Ərazidə stansiyanın istismarında böyük təcrübəyə malik 20-dən çox
əməkdaş çalışır”.

Spread the love