“Masdar” Azərbaycanda günəş və külək enerjisi üzrə layihələrin gerçəkləşdirilməsinin gedişatı barədə danışıb (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

“Masdar” və “SOCAR Green” üç layihə üzərində işləyir: Biləsuvar
(445 meqavatt) və Neftçala (315 meqavatt) günəş elektrik
stansiyaları, eləcə də, Abşeron-Qaradağ külək layihəsi (240
meqavatt).

Bunu Trend-ə özəl
müsahibəsində “Masdar”ın Azərbaycandakı nümayəndəliyinin direktoru
Murad Sadıxov bildirib.

Sadıxov qeyd edib ki, Biləsuvar və Neftçala günəş elektrik
stansiyaları üzrə ilkin layihələndirmə işləri aparılır.

“Artıq mühəndis araşdırmaları, təchizat və tikinti işləri (EPC)
üzrə podratçı seçilib, o sahədə səfərbər olub və ilkin tədqiqatları
tamamlayıb”, – deyə o qeyd edib.




Sadıxov vurğulayıb ki, hər iki stansiyanın – Biləsuvar və
Neftçala – ilkin enerji təminatına, yəni şəbəkəyə qoşulmasına və
elektrik enerjisi istehsalına gələn ilin ortalarında başlanacağı
planlaşdırılır.

O əlavə edib ki, şirkət “Abşeron-Qaradağ” külək elektrik
stansiyası üçün külək resurslarının ölçülməsi kampaniyasını davam
etdirir.

“12 aylıq ölçmə mərhələsini başa çatdırmalıyıq, bu, ilin
sonunadək planlaşdırılır. Bundan sonra mühəndis araşdırmaları,
təchizat və tikinti (EPC) işləri üzrə podratçının seçilməsi prosesi
başlayacaq. Tikinti işlərinə 2026-cı ilin əvvəlində başlamağı
planlaşdırırıq. Bu, ilkin və mühəndis işlərinin yekunlaşmasından
asılıdır, lakin bütün işlərin 2027-ci ilin sonuna qədər
tamamlanması nəzərdə tutulur”, – deyə Sadıxov yekunlaşdırıb.