
Tailand Kambocanın atəşkəs rejimini pozması barədə Malayziya, ABŞ və Çini məlumatlandırıb.
“Report” xəbər verir ki, bu barədə Tailandın “The National” nəşri ölkənin xarici işlər naziri Maris Sanqiamponqsanın bəyanatına istinadən bildirib.
Onun sözlərinə görə, Tailand tərəfi Malayziyanın Baş naziri Ənvər İbrahimə, eləcə də ABŞ və Çin hökumətlərinə rəsmi məktub göndərib. Məktubda Kambocanın bu addımlarına qarşı etiraz ifadə olunur. Diplomat təfərrüatları açıqlamayıb.
Qeyd edək ki, bazar ertəsi Malayziyanın Baş nazirinin vasitəçiliyi ilə aparılan sülh danışıqlarında Tailand və Kamboca atəşkəs barədə razılığa gəlib. ABŞ və Çin danışıqlarda müşahidəçi qismində çıxış edib.
Tailand və Kamboca arasında atəşkəs haqqında saziş iyulun 28-də qüvvəyə minib. Bundan sonra Tailand ordusu Kambocanı sazişi pozmaqda ittiham edib və hücumların gecə yarısından sonra da davam etdiyini bildirib.
Tailand və Kamboca silahlı qüvvələri arasında toqquşmalar iyulun 24-də başlayıb. Ən azı 35 nəfər həlak olub. Münaqişə Tamoanthom, Tamoantauç və Takrabey məbədləri ətrafındakı mübahisəli ərazilərə görə yaranıb. Kamboca hələ iyun ayında bu ərazilərin mənsubiyyəti məsələsi ilə bağlı BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət edib, Tailand isə bununla əlaqədar narazılığını bildirib.
Tailand və Kamboca atəşkəs sazişindən sonra sərhəddə əlavə hərbi qüvvə yerləşdirməmək barədə razılığa gəliblər.
“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi Kamboca parlamentinin deputatı Lim Menqura istinadən məlumat yayıb.
“Tailand və Kamboca hərbçiləri atəşkəs sazişindən sonra öz sərhədlərində əlavə əsgər yerləşdirməmək barədə razılığa gəliblər”, – o bildirib.
Deputat qeyd edib ki, beynəlxalq müşahidəçilərin atəşkəs rejiminə nəzarət etməsini təmin etmək vacibdir.
Kamboca tərəfi atəşkəs rejimi çərçivəsində iyulun 29-u səhər saatlarına iki ölkənin hərbi dairə komandanlarının təyin olunmuş görüşünü iki dəfə təxirə salıb, sərhəd xətti boyunca atışmalar baş verir.
“Report” xəbər verir ki, bu barədə “Thai PBS” telekanalı Banqkok vaxtı ilə saat 10:50-də ölkənin quru qoşunları komandanlığının bəyanatına istinadən məlumat yayıb.
“Kamboca tərəfi saat 07:00-a təyin edilmiş Tailand və Kamboca hərbi dairə komandanlarının görüşünü iki dəfə, ikinci dəfə qeyri-müəyyən müddətə təxirə salıb. Sərhəd xətti boyunca bir çox sahələrdə atışmalar baş verir. Atəş səhər saatlarından Kamboca tərəfindən başlayıb, Tailand qoşunları da onlara cavab verir”, – bəyanatda bildirilib.
Tailandın quru qoşunları komandanlığının əvvəlki bəyanatında deyilir ki, Kamboca qoşunları gecə yarısı qüvvəyə minmiş atəşkəs rejimini dəfələrlə pozub.
“Sərhəddə atışmalar gedir, Kamboca qoşunları Tailand mövqelərinə doğru irəliləməyə cəhd edir, lakin Tailand qoşunları onları adekvat vasitələrlə cavab verir”, – komandanlığın rəsmi nümayəndəsi general-mayor Vintay Suvari bildirib.

