
Bakı. Trend:
Hazırda Avropa İttifaqına üzv ölkələrdə 3,1 milyondan çox rumın
vətəndaşı yaşayır ki, bu da ölkə əhalisinin 16,28 faizini təşkil
edir. Bu göstəriciyə görə Rumıniya Aİ-də birinci yeri tutur.
Trend xəbər verir ki,
statistikaya əsasən, siyahının ikinci pilləsində 570 mindən çox
vətəndaşı digər Aİ ölkələrində yaşayan Xorvatiya (14,9 faiz)
qərarlaşıb. İlk üçlüyü isə 753 min vətəndaşı (11,68 faiz) xaricdə
olan Bolqarıstan tamamlayır.
Qeyd edilir ki, Aİ-də daxili miqrantların ən az olduğu ölkələr
Malta (0,92 faiz), Fransa (0,91 faiz) və Almaniyadır (0,9
faiz).
Məlumatda vurğulanır ki, Rumıniya diasporu ölkə əhalisinin
əhəmiyyətli hissəsini təşkil edir və iqtisadi, siyasi proseslərə
mühüm təsir göstərir. 2025-ci ilin fevralına olan məlumatlara
əsasən, ümumilikdə 5,7 milyon rumın ölkə hüdudlarından kənarda
yaşayır. Onların əsas hissəsi İtaliyada (1,1 milyon), İspaniyada (1
milyon), Böyük Britaniyada (1 milyonadək), Almaniyada (800 min) və
ABŞ-da (460 min) məskunlaşıb.