Səfir: Azərbaycan qazı Suriyanın iqtisadi bərpasının təminatıdır

Baş səhifə

Türkiyə ərazisi ilə Suriyaya Azərbaycan təbii qazının tədarükünün avqustun 2-də başlanması iki dost xalqın səbirsizliklə gözlədiyi tarixi hadisədir.

“Report”un məlumatına görə, bu barədə Azərbaycanın Dəməşqdəki səfirliyinin müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Suriyanın SANA agentliyinə bildirib.

Diplomatın sözlərinə görə, tədarük haqqında razılaşma Azərbaycan və Suriya prezidentləri – İlham Əliyev və Əhməd əş-Şaranın Suriya liderinin rəsmi səfəri çərçivəsində iyulun 12-də Bakıda keçirilən görüşünün nəticəsidir.

“Bu, iki ölkə arasında strateji əməkdaşlığı gücləndirəcək mühüm hadisədir”, – deyə Şahhüseynov vurğulayıb.

O, həmçinin qeyd edib ki, prezident Əhməd əl-Şaranın rəhbərliyi altında Suriyanın yeni rəhbərliyi inkişafı sürətləndirmək və vətəndaşların həyat səviyyəsini yüksəltmək məqsədilə Suriya xalqının üzləşdiyi bütün problemlərin, xüsusilə iqtisadi sahədəki problemlərin həlli üçün səy göstərir: “Azərbaycan təbii qazı elektrik enerjisi istehsalı güclərinin artırılmasında strateji rol oynayacaq ki, bu da gələcək iqtisadi bərpanın təminatıdır”.

Suriya avqustun 2-dən etibarən gündəlik Azərbaycandan 3,4 milyon kubmetr təbii qaz alacaq.

“Report” xəbər verir ki, bu barədə Suriyanın “Sana” agentliyi bu ölkənin energetika naziri Məhəmməd əl-Bəşirə istinadən məlumat yayıb.

“Nazir təsdiq edib ki, avqustun 2-dən etibarən Suriya Türkiyə ərazisilə Azərbaycandan 3,4 milyon kubmetr qaz alacaq. Bu isə Suriyanın enerji sektorunu dəstəkləməyə yönəlmiş birgə əməkdaşlıq çərçivəsində təxminən 900 meqavat elektrik enerjisi istehsal edəcək”, – məlumatda bildirilib.

Nazir vurğulayıb ki, bu addım elektrik şəbəkəsinin sabitliyinin artırılmasına kömək edəcək.

O qeyd edib ki, Suriya hökuməti enerji ehtiyaclarını təmin etmək üçün milli plan çərçivəsində bu tədbirlərin həyata keçirilməsini izləyir.

Azərbaycan qazının Türkiyə vasitəsilə Suriyaya tədarükü avqustun 2-də başlayacaq.

“Report”un məlumatına görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

“Avqustun 2-də Kilis vasitəsilə Azərbaycandan Hələbə təbii qaz ixracına başlayacağıq. Bu tədarükləri həyata keçirmək üçün biz Azərbaycanla svop sazişi bağladıq”, – nazir qeyd edib.

Onun sözlərinə görə, Türkiyə ərazisində Suriya sərhədinə qədər qaz kəmərinin çəkilməsi ilə bağlı işlər qısa müddətdə başa çatdırılıb: “Suriya tərəfində də qazın qəbulu üçün bütün zəruri tədbirlər tamamlanıb. Layihənin maliyyələşdirilməsini Qətər təmin edib”.

Tədarüklərin başlanmasına həsr olunmuş mərasimdə Qətər və Suriyanın energetika nazirləri iştirak edəcəklər.

“Türkiyə vasitəsilə Suriyaya çatdırılacaq Azərbaycan qazı əsasən elektrik enerjisi istehsalı üçün istifadə olunacaq”, – A.Bayraktar vurğulayıb.

Nazir əlavə edib ki, Türkiyədən Suriyaya gündəlik 6 milyon kubmetr həcmində planlaşdırılan qaz tədarükü 1 200 MVt-a qədər elektrik enerjisi istehsalını təmin edəcək: “Türkiyədən əlavə 500 MVt elektrik enerjisi tədarükü nəzərə alınmaqla, Suriyada elektrik təchizatı saatlarının ümumi sayı hazırkı 3-4 saatdan sutkada 10 saata qədər artacaq”.

Spread the love
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir