
Bakı. Trend:
Xankəndi şəhərində hotelçilik sahəsində fəaliyyət göstərən
hüquqi və fiziki şəxslərin maarifləndirilməsi, könüllü əməletmənin
təşviqi və uçotun dəqiqləşdirilməsi məqsədilə vergi ödəyiciləri ilə
görüş keçirilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata
görə, görüşdə Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər
Məmmədov və baş idarənin əməkdaşları iştirak edib.
Məlumata əsasən, tədbir iştirakçılarına işğaldan azad edilmiş
ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri, o cümlədən,
rezidentlərə verilən vergi və gömrük güzəşt və azadolmaları, vergi
ödəyiciləri tərəfindən ödənilən məcburi dövlət sosial sığorta
haqlarının subsidiyalaşdırılması qaydaları, eyni zamanda, fiziki
şəxs olan istehlakçılar tərəfindən işğaldan azad edilmiş ərazilər
daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər)
tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilən
ƏDV-nin geri qaytarılması barədə məlumat verilib.
 
Sahibkarlıq subyektlərinin fəaliyyəti zamanı təsərrüfat
subyektlərinin (obyektlərinin) qeydiyyatı, NKA-nın və
POS-terminalların quraşdırılması, işçilərlə əmək müqavilələrinin
bağlanması, o cümlədən, vergi hesabatlarının Vergi Məcəlləsində
nəzərdə tutulan qaydada və müddətdə vergi orqanına təqdim
edilməsinin vacibliyi vergi ödəyicilərinin diqqətinə
çatdırılıb.
Görüşdə vergi ödəyicilərini maraqlandıran suallar ətraflı
cavablandırılıb.


 
						 
						