Bakı. Trend:
Azərbaycanda istehsal edilən bərpa bərpa olunan enerjinin ixraca
yönəlik vəziyyətə gətirilməsi üzrə işlər uğurla davam
etdirilməkdədir.
Bu sözləri Trend-ə müsahibəsində Energetika Nazirliyi yanında
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid
Abdullayev deyib.
O, müsahibəsində ənənəvi enerji resurslarından asılılığın
azaldılması mexanizmləri, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan
Muxtar Respublikasında “yaşıl enerji zonası” konspesiyası üzrə
hazırda həyata keçirilən pilot layihələri, bərpa olunan enerji
texnologiyalarının yerli istehsalının təşviqi, dənizdə elektrik
enerjisi, eləcə də, hidrogen istehsalı, həmçinin, elektrik
enerjisinin ixracı üçün müxtəlif marşrut layihələrinin son durumu,
eyni zamanda, beynəlxalq təşkilatlarla (İEA, İRENA, Dünya Bankı,
AİB və s.) əməkdaşlıq imkanları ilə bağlı sualları
cavablandırıb.
“2030-cu ilədək qoyulmuş hədəflərimizə daha erkən
nail ola bilərik”
Agentlik rəsmisi əvvəlcə ənənəvi enerji resurslarından
asılılığın azaldılması üzrə tədbirlərdən danışıb. O bildirib ki,
bərpa olunan enerji mənbələrindən istifadə bir çox hallarda hazırda
müəyyən fəaliyyət növləri üçün istifadə olunan ənənəvi enerji
növlərini sərbəstləşdirməyə imkan verir:
“Bu resurslar sərbəstləşdikdən sonra bazarda onlara müəyyən
tələbat yaranır. Bir sıra hallarda onların qiyməti kifayət qədər
yüksək olur ki, bu da ölkə iqtisadiyyatına xüsusi dəyər qata bilir.
Bu baxımdan, bizim əsas fəaliyyətimiz həmin o sərbəstləşən ənənəvi
enerji resurslarının həcmini artırmağa yönəlib. Bərpa olunan enerji
mənbələri sahəsindəki stansiyalar kifayət qədər böyük həcmdə qaz
ehtiyatlarının sərbəstləşməsinə imkan verir. Sonradan onlar Avropa
bazarına ixrac oluna bilər.
Hədəfimiz bəllidir: 2030-cu ilədək bərpa olunan enerji
mənəbələrinin payını qoyuluş gücündə 30%-ə çatdırmaq. Lakin ilkin
hesablamalar göstərir ki, biz bu hədəfə 2027-2028-ci illərdə belə
nail ola bilərik. Təbii ki, 2030-cu ilədək bu göstərici bir qədər
də yüksələcək.
COP29 zamanı Azərbaycanın könüllü olaraq üzərinə götürdüyü
öhdəliklər – karbon emissiyalarının azaldılması və bu sahədəki
digər məsələlər də, təbii ki, bərpa olunan enerji layihələrinin
reallaşdırılması ilə birbaşa bağlıdır”.
Azərbaycanın azad edilmiş ərazilərində 500 MVt-lıq
hidroenerji potensialı mövcuddur
C.Abdullayev Azərbaycanın azad edilmiş ərazilərdinə “yaşıl
enerji” potensialından və bu çərçivədə həyata keçirilən
layihələrdən bəhs edib:
“İşğaldan azad olunmuş ərazilərimiz, eləcə də, Naxçıvan Muxtar
Respublikası “yaşıl enerji” zonaları elan olunub. Qarabağ və Şərqi
Zəngəzurla bağlı artıq konsepsiya və tədbirlər planı masa
üzərindədir, təsdiqlənib və biz artıq onların icrasından danışa
bilirik.
Ümumiyyətlə, Azərbaycan COP29 prezidentliyi çərçivəsində “yaşıl
zona”larla bağlı bir təşəbbüs irəli sürüb və dünyanın bir çox
ölkələri həmin təşəbbüsü dəstəkləyiblər. Biz bu təşəbbüsün önündə
gedən ölkə kimi qəbul olunuruq. “Yaşıl enerji” zonasının başlıca
göstəricisi adıçəkilən ərazilərdə istehlak olunan hər bir
kilovatt-saat (kVt/saat) elektrik enerjisinin yaşıl mənbələrdən
alınması anlamına gəlir.
İşğaldan azad olunmuş ərazilərdə bunun üçün yetəri qədər
potensial var. Hədəf ondan ibarətdir ki, həmin ərazilərimizdə
təxminən 500 meqavatt hidroenerji potensialından istifadə olunsun.
Çünki orada kifayət qədər dağ çayları var ki, bu da hidroenerji
imkanlarını artırır. Eyni zamanda, “Xudafərin”, “Qız Qalası” su
elektrik stansiyalarının (SES) bizə aid olan hissəsinin verdiyi
elektrik enerjisini də bunun üzərinə gəlsək, artıq biz
hidropotensialın kifayət qədər böyük olduğunun və tam şəkildə
istifadəsi istiqamətində tədbirlərin həyata keçirildiyinin şahidi
ola bilərik”.
Direktorun sözlərinə görə, Azərbaycanın günəş enerjisi
potensialı, əsasən, Cəbrayıl və Zəngilan, külək enerjisi isə
Kəlbəcər-Laçın zonasında cəmlənib:
“Oradan əldə edilən bərpa olunan enerjinin həcmi kifayət qədər
böyük olaraq dəyərləndirilir. Ona uyğun ötürücü şəbəkənin imkanları
gərək mövcud olsun ki, stansiya tikildikdən sonra onun istehsal
etdiyi elektrik enerjisi ötürsün. Çünki sözügedən ərazilərimizdəki
enerji potensialı o zonanın özünün tələbatını dəfələrlə aşacaq.
Oradan əldə ediləcək enerji ümumi Azərbaycan şəbəkəsinə
ötürülməlidir. Azərbaycan şəbəkəsində də başqa stansiyalar olduğu
üçün, böyük ehtimalla, onlar artıq ixraca yönəlik vəziyyətə
gələcəklər.
Hazırda bp şirkəti ilə Cəbrayılda ilkin investisiya dəyəri 200
milyon dollar olan və 240 meqavatt (MVt) gücündə “Şəfəq” Günəş
Elektrik Stansiyası (GES), eləcə də, hər biri 50 MVt gücündə
olmaqla, “Üfüq” və “Şəms” GES layihələrinin
tikintisi üzrə çox intensiv işlər həyata keçirilməkdədir. Bütün
müqavilələr imzalanıb, torpaq sahələri bəllidir, şəbəkə ilə bağlı
məsələlər bizim üçün tam aydındır və onların həyata keçirilməsi
istiqamətində gündəlik rejimdə işlər davam etdirilir. Təqribən
2027-ci ilin sonunadək bu stansiyaların istismara verilməsi
planlaşdırılır.
Eyni zamanda, Səngəçal terminalının elektrikləşdirilməsi üzrə də
zəruri infrastruktur yaradılır. Bütün müqavilə bazası artıq
yekunlaşıb. Bu, kifayət qədər mürəkkəb bir proses idi. Bu mürəkkəb
prosesin uğurla başa çatması real iqtisadi modellərin və
layihələrin səmərəliliyinin düzgün təhlili nəticəsində mümkün
olub”.
C.Abdullayev qeyd edib ki, Laçın ərazisində külək enerjisi ilə
bağlı ölçmələr aparılır:
“Biz planlaşdırırıq ki, bu ilin sonunadək banklar tərəfindən
qəbul ediləcək məlumatlara sahib olacağıq. Ondan sonra investorlara
həmin məlumatları təqdim edəcəyik. Təbii ki, müxtəlif şirkətlər
tərəfindən həmin ərazimizdə külək enerjisi istehsalına maraq çox
böyükdür. Hətta COP29-da imzaladığımız müqaviləyə uyğun olaraq,
Kəlbəcərdə külək enerjisi istehsalı layihəsi çərçivəsində birgə
müəssisə təşkil edilib. Həmin birgə müəssisə özü artıq Kəlbəcərdə
ölçmələrə start verib. Bir il ərzində ölçmələrin yekunlaşacağı
gözlənilir. Daha sonra layihə təklifləri irəli sürüləcək”.
Kəlbəcərdə külək elektrik stansiyası tikilə
bilər
Bərpa olunan enerji istehsalı ilə bağlı texniki və iqtisadi
potensialların nəzərə alınmalı olduğunu söyləyən agentlik rəsmisi
bildirib ki, texniki potensial dedikdə ümumilikdə ərazidə günəş
radiasiyası və küləyin sürətinin ölçmələri nəticəsində meydana
gələn bir həcm nəzərdə tutulur, iqtisadi potensial isə bu texniki
resursların hansı hissəsinin real iqtisadi səmərə ilə istifadə
edilə biləcəyini göstərir:
“Təbii ki, bizim investorlarla işləməyimiz üçün ikinci
göstərici, yəni iqtisadi potensial daha vacibdir. Eyni zamanda,
küləyin sürətinin enerji istehsalı üçün lazım olan miqdardan aşağı
olmaması, nəqliyyat-logistik baxımından ərazilərin əlçatan olması
və bu kimi digər məsələlər xüsusi önəm kəsb edir.
Artıq işğaldan azad olunmuş ərazilərimizdə tikinti-quruculuq
işləri çox böyük sürətlə həyata keçirilir. Məsələn, Kəlbəcərin
əlçatmaz yerlərində küləyin potensialının çox olması onun texniki
cəhətdən potensiala daxil olmasına səbəb olurdu. Amma iqtisadi
cəhətdən biz onu nəzərdən keçirə bilmirdik. Çünki həmin əlçatmaz
yerlərə getmək üçün yol yox idi. İndi isə bu məsələlərin bir çoxu
aradan qaldırılıb. Hazırda həmin ərazilərimizə külək turbinlərini
aparmaq və mövcud küləkdə onu qurmaq iqtisadi cəhətdən olduqca
səmərəlidir. Bundan sonra isə Laçın-Kəlbəcərdə istehsal ediləcək
elektrik enerjisinin şəbəkəyə qoşulması prosesi nəzərdən keçirilə
bilər. Bu da onun iqtisadi səmərəsi amilinə gətirib çıxarır.
Məsələn, bu gün biz Kəlbəcərdə 800 meqavatlıq külək elektrik
stansiyası tikə bilərik. Amma şəbəkə ona hazırdırmı? Ona görə də bu
istiqamətdə təhlillər aparılır, həmin ərazilərdə küləyin sürəti,
mövcud infrastruktur öyrənilir”.
2027-ci ilin sonunadək 2 QVt-a yaxın gücdə bərpa
olunan enerji mənbələri şəbəkəyə inteqrasiya edilə
bilər
C.Abdullayev yaxın gələcəkdəki hədəflər və həmin dövrləri əhatə
edəcək layihələrlə bağlı bunları qeyd edib:
“Ölkə üzrə birinci mərhələdə 2027-ci ilin sonuna qədər 2 QVt-a
yaxın gücdə bərpa olunan enerji mənbələrini şəbəkəyə inteqrasiya
edə bilərik. Bu sahədə Amerikanın “Tetra Tech”, Türkiyənin EPRA və
CESİ şirkətləri ilə təhlillər aparılıb və zəruri addımlar
müəyyənləşdirilib. CESİ şirkəti, həmçinin, bizim ixrac layihəmizdə
də əsas məsləhətçi şirkət olaraq çıxış edir.
Yəni biz 2027-ci ilin sonunadək 2 QVt-a yaxın gücdə bərpa olunan
enerji mənbələrini şəbəkəyə inteqrasiya etmək üçün görüləcək işləri
müəyyənləşdirmişik. Bu proqram, həmçinin, enerji saxlanc
sistemlərinin quraşdırılmasını da əhatə edir.
“Nəvahi” yarımstansiyasının tikintisi ilə bağlı işlərə
start verilib. 330 kV-luq “Nəvahi” yarımstansiyasının 330 kV-luq
hissəsinin tikintisi Azərbaycan tərəfindən, 500 kV-luq hissəsi isə
Dünya Bankının ayırdığı 173 milyon dollar vəsait hesabına həyata
keçirilir.
“Xızı-Abşeron” külək elektrik stansiyasında (KES) Abşeron rayonu
üzrə 12, Xızıda isə hər birinin gücü 6.5 MVt olan 25 külək
turbinindən 9-nun quraşdırılması başa çatıb. Turbinlərin
quraşdırılmasında əlverişli hava şəraiti çox böyük rol oynayır.
İstənilən halda 2025-ci ilin sonunadək bütün turbinlərin
quraşdırılması və stansiyanın istismara verilməsi gözlənilir”.
Direktor agentlik olaraq yerli istehsalın təşviqi məqsədilə
günəş və külək texnologiyaları üzrə istehsalçılarla danışıqların
aparıldığını vurğulayıb:
“Bugünədək bizdə quraşdırılan avadanlıqlarda, günəş, külək
stansiyalarında Çin texnologiyalarından istifadə olunub.
Təbii ki, bu layihələrin inkişafı istehsalçı şirkətlərin
Azərbaycana marağını xeyli artırır. Biz bərpa olunan enerji
sahəsində qarşılıqlı razılaşma əsasında müəyyən texnoloji həllərin
tam və yaxud hansısa bir hissələrinin Azərbaycanda təşkil
ediləcəyini gözləyirik.
İnnovativ inkişaf yalnız bununla məhdudlaşmır. Bizdə bərpa
olunan enerji mənbələri sahəsində müəyyən təhsil layihələri də
həyata keçirilir. Belə ki, Azərbaycan Dövlət Neft və Sənaye
Universiteti ilə İngiltərənin bir universiteti arasında bu
istiqamətdə işlər gedir. Yəni artıq xarici investisiya, xarici
avadanlıq, xarici mütəxəssislərdən yerli podratçılara,
texnologiyalara yönəlməyə doğru addımlayırıq. Azərbaycanda bu
sahədə mütəxəssis hazırlığı da davam etdirilir. Müqavilələrimizdə
də o tələb var ki, əgər hansısa bir sahədə Azərbaycanda mütəxəssis
varsa, həmin layihədə azərbaycanlı mütəxəssisin iştirakı təmin
olunmalıdır. Bir sözlə, bərpa olunan enerji sahəsində lokallaşdırma
məsələsinin öz həllini tapması üçün əlimizdən gələni etməyə
çalışırıq. Eyni zamanda, Azərbaycanda istehsal olunan avadanlıqlar
qonşu ölkələrə, Qazaxıstana, Özbəkistana da ixrac edilə bilər. Bu,
çox ciddi kompleks məsələlərdir”.
Elektrik enerjisinin ötürülməsi üzrə 4 müxtəlif
dəhliz haqqında danışıqlar aparılır
C.Abdullayev xatırladıb ki, Azərbaycan COP29-da yaşıl enerji
dəhlizləri təşəbbüsünü irəli sürdü:
“Hazırda elektrik enerjisinin ötürülməsi üzrə 4 müxtəlif dəhliz
haqqında danışırıq:
- Qara dənizin dibi ilə elektrik enerjisinin ötürülməsi üzrə
Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan dəhlizi; - Quru yolu ilə Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan
marşrutu; - Naxçıvan-Türkiyə (Zəngəzur dəhlizi və digər məsələlər də bu
kontekstdə baxılır); - Özbəkistan və Qazaxıstandan Xəzər dənizinin dibi ilə
Azərbaycana gələn marşrut.
Bu marşrutların özünün müəyyənləşdirilməsi, sadaladığım
ölkələrlə danışıqların aparılması, ilkin razılığın əldə edilməsi,
strateji sənədlərin imzalanması uzun bir prosesdir. Biz bu
mərhələni geridə qoymuşuq və qarşılıqlı danışıqlar aparılır. İkinci
mərhələdə layihənin texniki-iqtisadi əsaslandırılması
hazırlanmalıdır. Biz agentlik olaraq elektrik enerjisinin
ötürülməsi ilə bağlı Xəzər dənizi-Qara dəniz və Avropa, bir də
Mərkəzi Asiya-Xəzər dənizi layihəsinin katibliyini aparırıq.
Qara dəniz layihəsində elektrik enerjisinin ötürülməsi ilə bağlı
texniki-iqtisadi əsaslandırma ilə bağlı işlərə start verilib.
İtaliyanın CESİ şirkəti sözügedən məsələ üzrə araşdırmalar aparır.
Bu dəhlizlə bağlı Buxarestdə Azərbaycan (“Azərenerji”), Gürcüstan,
Rumıniya və Macarıstanın ötürücü sistem operatorlarından ibarət
birgə müəssisə təsis edilib.
Yeri gəlmişkən, bu müsəssisənin ilk rəhbəri Azərbaycandandır. Bu
ilin sonuna Qara dənizin dibi ilə elektrik enerjisinin ötürülməsi
üzrə ilkin texniki-iqtisadi əsaslandırmanın tərtib ediləcəyi
gözlənilir. İlkin nəticələr onu deməyə əsas verir ki, layihə
iqtisadi cəhətdən səmərəlidir.
Naxçıvan-Türkiyə üzrə elektrik enerjisinin ötürülməsi ilə bağlı
ilkin təhlillər aparılır və layihənin texniki parametrləri
müəyyənləşdirilir.
Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan marşrutu üzrə elektrik
enerjisinin ötürülməsi layihəsi də hələ yeni elan olunub. Buna
baxmayaraq, bu istiqamətdə müəyyən təşkilatlanma, təssisatlanma
işləri aparılır. Digər layihələrdə aparılan işlərin oxşarını, yəqin
ki, bu marşrut üzrə də görəcəyik.
Mərkəzi Asiyaya elektrik enerjisinin ötürülməsi ilə
bağlı AİB və AİİB hər biri 1 milyon dollar olmaqla vəsait
ayırıb
Mərkəzi Asiya ilə də elektrik enerjisinin ötürülməsi üçün artıq
Bakıda birgə müəssisə təsis olunub. Texniki-iqtisadi
əsaslandırmanın hazırlanması üçün Asiya İnkişaf Bankı (AİB) və
Avropa Yenidənqurma və İnkişaf Bankı (AİİB) hər biri 1 milyon
dollar olmaqla vəsait ayırıb. Bununla da layihənin texniki-iqtisadi
əsaslandırmasının nədən ibarət olacağı müəyyənləşdiriləcək. Onun
texniki tapşırığı tərəflər arasında razılaşdırılıb. Bank artıq
layihənin necə davam edəcəyi ilə bağlı məsləhətçiləri seçmək
üzərində işləyir.
“Deloitte” şirkəti ilə bərpa olunan enerjinin ixracının biznes
modelinin hazırlanması işlərini yekunlaşdırmaq üzrəyik. Bu biznes
modeli imkan verəcək ki, ölkəmizdə istehsal olunan bərpa olunan
enerjinin Avropada istehlakçıya satılmasının bu stansiyalara
çəkilən xərci qarşılayıb-qarşılamayacağını, iqtisadi səmərəli
olub-olmayacağını müəyyənləşdirək. Təhlillər göstərir ki, ölkəmizdə
bərpa olunan enerji üzrə ixrac layihələri müəyyən şərtlər daxilində
iqtisadi cəhətdən səmərəlidir”.
Azərbaycanda bərpa olunan enerji layihələri üzrə
yeni ərazilər müəyyənləşdirilib
Agentlik rəsmisi vurğulayıb ki, şəbəkəyə təsir baxımından ölkədə
bərpa olunan enerji stansiyalarının paylanması çox vacibdir:
“Ölkə üzrə bir çox ərazilərdə belə stansiyaların qurulması
nəzərdən keçirilir. Biz ikinci mərhələdə Çin şirkətləri ilə
ölkəmizdə bərpa olunan enerji istehsalını müzakirə edirik. Bu
mərhələdə biz ilk olaraq şəbəkəmizi öyrənməliyik. Bunun üçün Çin
institutlarından biri ilə müqavilə bağlanılıb və bu yaxınlarda
işlərə başlanılacaq. İnstitut 2028-ci ildən sonra şəbəkədəki
məsələlərimizi modernləşdirib müəyyən təkliflər verəcək ki, şəbəkə
nə qədər elektrik enerjisi qəbul edə bilər və hansı gücləndirmə
tədbirləri lazımdır”.
Direktor onu da bildirib ki, elektrik enerjisinə tələbatın
artması artıq qarşısıalınmaz xarakter alıb:
“Elektrik mühərrikli avtomobillərin dövriyyəyə girməsi,
həyatımızın bir çox sahələrində elektrikləşmənin baş verməsi bu
tələbatı istər-istəməz artırır. Bu tələbatın nə qədər artacağı,
Azərbaycan sənayesi inkişafının nə qədər elektrik enerjisi tələb
edəcəyi modelləşdirilməli, başa düşülməlidir.
Bütün bu tədbirlərdən sonra torpaq sahələrinin
müəyyənləşdirilməsi məsələsi ortaya çıxır. Hazırda Füzulidə və
Qaradağda yeni bir bərpa olunan enerji mənbələri (BOEM) layihəsini
nəzərdə tuturuq. 3-4 digər rayonumuzda da ilkin sahələr
müəyyənləşdirilib. Belə ki, Hacıqabul, İmişli və Kürədmir
ərazilərində yeni BOEM layihələri ilə bağlı planlarımız var. Yəni
həmin zonalar da bərpa olunan enerji istehsalı üzrə potensial
ərazilər kimi müəyyənləşdirilib və müəyyən dəqiqləşdirmələrə
ehtiyac var. Qeyd edilən rayonlarda BOEM layihələri üzrə texniki
potensial var, onun iqtisadi potensiala çevrilib-çevrilməyəcəyi bir
çox məsələlərdən asılıdır. Orada digər layihələr nəzərdən keçirilə
və başqa iqtisadi fəaliyyət növləri üçün daha yararlı ola bilər.
Həmçinin, orada nəqliyyat-logistika, eləcə də, şəbəkə məsələləri
nəzərə alınmalıdır. Bütün bu məsələlər öyrənildikdən sonra yekun
qərar qəbul edilməlidir”.
Dənizdə külək layihəsi ilə bağlı beş müxtəlif ərazi
seçilib
C.Abdullayev dənizdə külək enerjisi layihələrindən də
danışıb:
“Bu layihələr böyük həcmli bazarlar deməkdir. Xəzər dənizinin
Azərbaycana məxsus hissəsində külək enerjisinin ümumi texniki
potensialı 157 QVt (dayazsulu hövzələrdə 35 QVt və dərinsulu
hövzələrdə 122 QVt) səviyyəsində qiymətləndirilir. Külək enerjisinə
pik tələbatımız 4,5 qiqavatt həcmindədir. Qoyuluş güclərimizin
həcmi isə bu göstəricini iki dəfə aşır. Ona görə də bu layihələrin
hər biri ixrac üçün nəzərdə tutulmalıdır. Bunun üçün isə ixrac
marşrutu olmalıdır.
Dənizdə külək layihəsi ilə bağlı əvvəlcə ərazi seçilməlidir.
Dənizdə ərazinin seçilməsi qurudakına nisbətən çox çətindir. Amma
biz artıq bütün aidiyyəti qurumlarla dənizdə külək enerjisi
istehsalı ilə bağlı ərazinin seçilməsini razılaşdırmışıq. Xəzər
dənizinin Abşeron yarımadasının şimal hissəsində dənizdə külək
enerjisi istehsalı ilə bağlı beş müxtəlif ərazini
müəyyənləşdirmişik. Bu ərazilərdə ən azı 10-15 giqavatlıq stansiya
tikmək olar. Hazırda həmin zonaların bərpa olunan enerji mənbələri
ərazisi kimi elan olunmasını gözləyirik. Bununla bağlı
müraciətlərimizi də etmişik.
Daha sonra zəruri şəbəkə infrastrukturu (sahil infrastrukturu)
quraşdırılmalıdır. Asiya İnkişaf Bankı (AİB) və Avropa Yenidənqurma
və İnkişaf Bankı (EBRD) bu istiqamətdə təhlillərin aparılması üçün
bizə vəsait də ayırıb.
Külək turbinini dənizdə quraşdırdıqdan sonra istehsal ediləcək
elektrik enerjisini sahilə çıxarmaq üçün müəyyən ərazini təyin
etmək lazım olacaq. Digər mühüm məsələ dənizdəki turbinlərin
ölçüsünün çox böyük olmasıdır. Hətta indi eksperimental 26
meqavatlıq turbinlər haqqında danışırlar. Biz dənizdə küləyin
sürətinin ölçmələrinə başlamışıq. Belə ki, hazırda Çin şirkətləri
ilə birlikdə ölçmələrlə bağlı müqavilə bazasını yekunlaşdırırıq və
ölçmələrə start veririk. Yəni əvvəlcə dənizdə külək ölçülməlidir və
ondan sonra ona uyğun külək turbinləri müəyyənləşdirilməlidir. Daha
sonra turbinlərin çatıdırılması üçün logistik həllər təklif
edilməlidir.
Hazırda ən böyük istəyimiz dənizdə külək enerjisi layihələrində
ciddi irəliləyişə nail olmaqdır. Bu istiqamətdə çox böyük maraq və
rəqabət hökm sürür”.
Hidrogen istehsalı ilə bağlı məsələlər
dərinləşdirilib, bu istiqamətdə strateji sənəd
hazırlanır
C.Abdullayev qarşıdakı dövrdə təmsil etdiyi qurumun hədəflərini
açıqlayıb:
“Ümumilikdə, 2030-cu ilə qədər elektrik enerjisi istehsalı
gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırmaq
əsas hədəflərimizdəndir.
Eyni zamanda, bildirmək istərdik ki, ilkin təhlillərimizə
əsasən, hidrogen istehsalı ilə bağlı müəyyən addımlar atılıb. COP29
zamanı Azərbaycanın hidrogen üzrə milli strateji baxış sənədini
təqdim etdik. İndi o məsələlər daha da dərinləşdirilir və strateji
baxış sənədi əsasında fəaliyyət planının hazırlanması üçün Avropa
Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən artıq tender elan
edilib. Bu layihə üzrə məsləhətçi şirkət cəlb olunacaq.
Xüsusi olaraq qeyd etmək istərdim ki, bütün o interkonnektor
dediyim 4 layihədə hidrogen komponenti var. Bunlar öyrənilməlidir
və bununla bağlı müəyyən təkliflər verilməlidir. Hidrogen
enerjisinin istehsal ediləcəyi ərazini müəyyənləşdirmək və H2
valley klasterlərin yaratmaq məsələsinə AYİB layihəsi çərçivəsində
baxılması nəzərdə tutulur. Bir kq hidrogen üçün təxminən 9 litr
içməli su tələb olunur. Ona görə də yer seçimində bu amillərə nəzər
yetirmək lazımdır”.
“Elektromobillik üzrə Milli Plan” 2025-ci ilin
sonunadək qəbul edilə bilər
“Elektromobillik üzrə Milli Plan” artıq hazırlanıb və aidiyyəti
qurumlarla razılaşdırılması başa çatmaq üzrədir. Elektromobillərin
və elektrik doldurma məntəqələrinin sayının sürətlə artımının
fövqündə bu sahəni tənzimləyəcək normativ-hüquqi bazanı mükəmməl
bir vəziyyətə gətirmək istəyirik.
Elektrik mühərrikli avtomobillərdən istifadənin artması 2030-ci
ilədək olan milli prioritetlər sənədində də öz əksini tapıb. Bu
istiqamətdə “Elektromobillik üzrə Milli Plan”ın qəbulu üçün öz
təkliflərimizi aidiyyəti qurumlarla razılşadırıb təqdim etmişik.
Əlimizdən gələni edəcəyik ki, ilin sonunadək sözügedən proqram
qəbul edilsin”, – deyə C.Abdullayev fikirlərini tamamlayıb.