
Bakı. Trend:
Azərbaycanın azad edilmiş ərazilərində 500 MVt-lıq hidroenerji
potensialı mövcuddur.
Bu sözləri Trend-ə Energetika Nazirliyi yanında Bərpa
Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid
Abdullayev müsahibəsində deyib.
C. Abdullayev Azərbaycanın azad edilmiş ərazilərdinə “yaşıl
enerji” potensialından və bu çərçivədə həyata keçirilən
layihələrdən bəhs edib: “İşğaldan azad olunmuş ərazilərimiz, eləcə
də Naxçıvan Muxtar Respublikası “yaşıl enerji” zonaları elan
olunub. Qarabağ və Şərqi Zəngəzurla bağlı artıq konsepsiya və
tədbirlər planı masa üzərindədir, təsdiqlənib və biz artıq onların
icrasından danışa bilirik. Ümumiyyətlə, Azərbaycan COP29
prezidentliyi çərçivəsində “yaşıl zona”larla bağlı bir təşəbbüs
irəli sürüb və dünyanın bir çox ölkələri həmin təşəbbüsü
dəstəkləyiblər. Biz bu təşəbbüsün önündə gedən ölkə kimi qəbul
olunuruq. “Yaşıl enerji” zonasının başlıca göstəricisi adı çəkilən
ərazilərdə istehlak olunan hər bir kilovat-saat (kVt/saat) elektrik
enerjisinin yaşıl mənbələrdən alınması anlamına gəlir.
İşğaldan azad olunmuş ərazilərdə bunun üçün yetəri qədər
potensial var. Hədəf ondan ibarətdir ki, həmin ərzilərimizdə
təxminən 500 meqavat hidroenerji potensialından istifadə olunsun.
Çünki orada kifayət qədər dağ çayları var ki, bu da hidroenerji
imkanlarını artırır. Eyni zamanda “Xudafərin”, “Qız Qalası” su
elektrik stansiyalarının (SES) bizə aid olan hissəsinin verdiyi
elektrik enerjisini də bunun üzərinə gəlsək, artıq biz
hidropotensialın kifayət qədər böyük olduğunu və tam şəkildə
istifadəsi istiqamətində tədbirlərin həyata keçirildiyinin şahidi
ola bilərik”.
Direktorun sözlərinə görə, Azərbaycanın günəş enerjisi
potensialı, əsasən, Cəbrayıl və Zəngilan, külək enerjisi isə
Kəlbəcər-Laçın zonasında cəmlənib: “Oradan əldə olunan bərpa olunan
enerjisinin həcmi kifayət qədər böyük həcmdə dəyərləndirilir.
Sadəcə olaraq ona uyğun ötürücü şəbəkənin imkanları gərək mövcud
olsun ki, stansiya tikildikdən sonra onun istehsal etdiyi elektrik
enerjisi ötürülə bilinsin. Çünki sözügedən ərazilərimizdəki enerji
potensialı o zonanın özünün tələbatını dəfələrlə aşacaq. Orada əldə
ediləcək enerji ümumi Azərbaycan şəbəkəsinə ötürülməlidir.
Azərbaycan şəbəkəsində də başqa stansiyalar olduğu üçün böyük
ehtimalla onlar artıq ixraca yönəlik vəziyyətə gələcəklər.

