
Bakı. Trend:
Artıq işğaldan azad olunmuş ərazilərimizdə tikinti-quruculuq
işləri çox böyük sürətlə həyata keçirilir. Mələsən, Kəlbəcərin
əlçatmaz yerlərində küləyin potensialının çox olması onun texniki
cəhətdən potensiala daxil olmasına səbəb olurdu. Amma iqtisadi
cəhətdən biz onu nəzərdən keçirə bilmirdik. Çünki həmin əlçatmaz
yerlərə getmək üçün yol yox idi. İndi isə bu məsələlərin bir çoxu
aradan qaldırılıb.
Bu sözləri Trend-ə Energetika Nazirliyi yanında Bərpa
Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid
Abdullayev müsahibəsində deyib.
O bildirib ki, hazırda həmin ərazilərə külək turbinlərini
aparmaq və mövcud küləkdə onu qurmaq iqtisadi cəhətdən olduqca
səmərəlidir: “Bundan sonra isə Laçın-Kəlbəcərdə istehsal ediləcək
elektrik enerjisinin şəbəkəyə qoşulması prosesi nəzərdən keçirilə
bilər. Bu da onun iqtisadi səmərəsi amilinə gətirib çıxarır.
Məsələn, bu gün biz Kəlbəcərdə 800 meqavatlıq külək elektrik
stansiyası tikə bilərik. Amma şəbəkə ona hazırdırmı? Ona görə də bu
istiqamətdə təhlillər aparılır, həmin ərazilərdə küləyin sürəti,
mövcud infrastruktur öyrənilir”.
Bərpa olunan enerji istehsalı ilə bağlı texniki və iqtisadi
potensialların nəzərə alınmalı olduğunu söyləyən agentlik rəsmisi
bildirib ki, texniki potensial dedikdə ümumilikdə ərazidə günəş
radiasiyası və küləyin sürətinin ölçmələri nəticəsində meydana
gələn bir həcm nəzərdə tutulur, iqtisadi potensial isə bu texniki
resursların hansı hissəsinin real iqtisadi səmərə ilə istifadə
edilə biləcəyini göstərir: “Təbii ki, bizim investorlarla
işləməyimiz üçün ikinci göstərici, yəni iqtisadi potensial daha
vacibdir. Eyni zamanda küləyin sürətinin enerji istehsalı üçün
lazım olan miqdardan aşağı olmaması, nəqliyyat-logistik baxımından
ərazilərin əlçatan olması və bu kimi digər məsələlər xüsusi önəm
kəsb edir”.