
Bakı. Trend:
Xəzər dənizində külək enerjisi layihəsi ilə bağlı 5 müxtəlif
ərazi seçilib.
Bu barədə Trend-ə Energetika Nazirliyi yanında Bərpa
Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid
Abdullayev müsahibəsində deyib.
O, dənizdə külək enerjisi layihələri ilə bağlı bunları bildirib:
“Bu layihələr böyük həcmli bazarlar deməkdir. Xəzər dənizinin
Azərbaycana məxsus hissəsində külək enerjisinin ümumi texniki
potensialı 157 QVt (dayazsulu hövzələrdə 35 QVt və dərinsulu
hövzələrdə 122 QVt) səviyyəsində qiymətləndirilir. Külək enerjisinə
pik tələbatımız 4,5 qiqavat həcmindədir. Qoyuluş güclərimizin həcmi
isə bu göstəricini iki dəfə aşır. Ona görə də bu layihələrin hər
biri ixrac üçün nəzərdə tutulmalıdır. Bunun üçün isə ixrac marşrutu
olmalıdır.
Dənizdə külək layihəsi ilə bağlı əvvəlcə ərazinin seçilməli
olduğunu vurğulayan agentlik rəhbəri qeyd edib ki, dənizdə ərazinin
seçilməsi qurudakına nisbətən çox çətindir: “Amma biz artıq bütün
aidiyyəti qurumlarla dənizdə külək enerjisi istehsalı ilə bağlı
ərazinin seçilməsini razılaşdırmışıq. Xəzər dənizinin Abşeron
yarımadasının şimal hissəsində dənizdə külək enerjisi istehsalı ilə
bağlı 5 müxtəlif ərazini müəyyənləşdirimişik. Bu ərazilərdə ən azı
10-15 giqavatlıq stansiya tikmək olar. Hazırda həmin zonaların
bərpa olunan enerji mənbələri ərazisi kimi elan olunmasını
gözləyirik. Bununla bağlı müraciətlərimizi də etmişik”.
C. Abdullayevin sözlərinə görə, daha sonra zəruri şəbəkə
infrastrukturu (sahil infrastrukturu) quraşdırılmalıdır: “Asiya
İnkişaf Bankı (AİB) və Avropa Yenidənqurma və İnkişaf Bankının
(EBRD) bu istiqamətdə təhlillərin aparılması üçün bizə vəsait də
ayırıb.
Külək turbinini dənizdə quraşdırdıqdan sonra istehsal ediləcək
elektrik enerjisini sahilə çıxarmaq üçün müəyyən ərazini təyin
etmək lazım olacaq. Digər mühüm məsələ dənizdəki turbinlərin
ölçüsünün çox böyük olmasıdır. Hətta indi ekpremental 26 meqavatlıq
turbinlər haqqında danışırlar. Biz dənizdə küləyin sürətinin
ölçmələrinə başlamışıq. Belə ki, hazırda Çin şirkətləri ilə
birlikdə ölçmələrlə bağlı müqavilə bazasını yekunlaşdırırıq və
ölçmələrə start veririk. Yəni əvvəlcə dənizdə külək ölçülməlidir və
ondan sonra ona uyğun külək turbinləri müəyyənləşdirilməlidir. Daha
sonra turbinlərin çatıdırılması üçün logistik həllər təklif
edilməlidir”.
“Hazırda ən böyük istəyimiz dənizdə külək enerjisi layihələrində
ciddi irəliləyişə nail olmaqdır. Bu istiqamtədə çox böyük maraq və
çox böyük rəqabət hökm sürür”, – deyə C. Abdullayev qeyd edib.

