
Bakı. Trend:
Almaniya Federal Cinayət İdarəsi (BKA) iqtisadi cinayətlərin
ötən il ölkəyə 2,76 milyard avro ziyan vurduğunu açıqlayıb. Bu,
əvvəlki illə müqayisədə 2,9 faiz çoxdur.
Trend xəbər verir ki, BKA-nın
məlumatına əsasən 2024-cü ildə Almaniyada 61 mindən çox iqtisadi
cinayət qeydə alınıb. Bu, 2023-cü illə müqayisədə 57,6 faiz
çoxdur.
Şlezviq-Holştayn federal əyalətində genişmiqyaslı istintaq
tədbirləri zamanı aşkarlanan cinayətlər statistikada mühüm yer
tutub. Xüsusilə səhiyyə sahəsində saxtakarlıq və yanlış
hesablamalarla bağlı çoxsaylı hadisələr aşkara çıxarılıb. BKA
səhiyyə sistemindəki hesab-faktura saxtakarlıqlarının əhəmiyyətli
maliyyə itkilərinə səbəb olduğunu açıqlayıb. Bu sahədə cinayətkar
qruplaşmaların və hətta təşkilatlanmış cinayətlərin artdığı
müşahidə olunur və bu fəaliyyətləri çirkli pulların yuyulması və
vergi pozuntuları da müşayiət edir. BKA Almaniyada əhalinin
yaşlanması və səhiyyə xərclərinin davamlı artmasının bu cür
cinayətlərin gələcəkdə daha da artmasına şərait yarada biləcəyi
barədə xəbərdarlıq edib.
Məlumata əsasən, ötən il iqtisadi cinayətlərin 88,9 faizinin
üstü açılıb. Bu, əvvəlki illə müqayisədə 3,7 faiz çoxdur.

