
Bakı. Trend:
Avropa İttifaqında (Aİ) 2024-cü ildə elektromobillərin yeni
avtomobillər sırasında payı azalaraq 13,6 faiz təşkil edib. Bu,
2015-ci ildən bəri ilk dəfə qeydə alınan azalmadır.
Trend Avropa
Statistika İdarəsinin (Eurostat) təqdim etdiyi son hesabata
istinadən xəbər verir ki, ötən il Aİ-də yalnız batareya ilə işləyən
1,45 milyon yeni elektromobil qeydiyyatdan keçib ki, bu da 2023-cü
illə müqayisədə 6,1 faiz azdır.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə bu rəqəm 1,55 milyon
təşkil etmişdi. Mütəxəssislər bunu Aİ-də elektromobillərə olan
ictimai marağın azalması ilə izah edirlər. Halbuki 2015–2023-cü
illər ərzində elektromobillərin sayı orta hesabla hər il 58 faiz
artmaqda idi. Ümumilikdə, 2024-cü ilin sonuna Aİ-də istifadə edilən
yalnız batareya ilə işləyən elektromobillərin sayı 5,87 milyona
çatıb ki, bu da əvvəlki illə müqayisədə 32,4 faiz artım deməkdir
(2023-cü ildə – 4,43 milyon).
Ölkələr üzrə müqayisəyə gəlincə, ən yüksək göstəricilər
Danimarka (51,3 faiz), Malta (37,7 faiz) və İsveçdə (34,9 faiz), ən
aşağı göstəricilər isə Cənubi və Mərkəzi Avropa ölkələrində qeydə
alınıb. Xüsusilə Xorvatiya cəmi 1,8 faiz göstərici ilə Aİ ölkələri
arasında sonuncu yerdə qərarlaşıb. Slovakiya (2,4 faiz) və Polşa (3
faiz) da elektromobillərin alışında geridə qalan ölkələr
sırasındadır.
Qeyd edək ki, 2018-ci ilə qədər yeni elektromobillərin
qeydiyyatda payı 1 faizdən aşağı olsa da, son illərdə bu göstərici
sabit şəkildə artmaqda idi: 2020-ci ildə – 5,3 faiz, 2021-ci ildə –
9 faiz, 2022-ci ildə – 12,1 faiz və 2023-cü ildə – 14,6 faiz.
Avropa Statistika İdarəsi bu tendensiyanın gələcək illərdə
dəyişib-dəyişməyəcəyini bazar və texnoloji faktorların müəyyən
edəcəyini bildirib.

