
Bakı. Trend:
Avropa İttifaqında (Aİ) süni intellekt üzrə şəffaflıq tələbləri
qüvvəyə minib.
Trend DW
telekanalına istinadən xəbər verir ki, avqustun 2-də, şənbə günü
Avropa İttifaqında ümumi təyinatlı süni intellektə (AI) dair yeni
şəffaflıq tələbləri qüvvəyə minib.
Bu, mətn və ya şəkillər yaratmaq, həmçinin proqramlaşdırmaq üçün
istifadə oluna bilən ChatGPT və Gemini kimi çatbotlara aiddir.
Yeni qaydalar süni intellekt tərtibatçılarından modellərinin
necə işlədiyini öyrətmək üçün istifadə olunan məlumatları
açıqlamağı tələb edir. Görülən təhlükəsizlik tədbirlərini
sənədləşdirmək məqsədilə ictimaiyyət üçün potensial risk mənbələri
hesab edilən ən qabaqcıl modellərə nəzarət də tələb olunur.
Yeniliklər, digər məsələlərlə yanaşı, əqli mülkiyyətin və
müəlliflərin, məzmun sahiblərinin hüquqlarının qorunmasına
yönəlib.
Fiziki şəxslər bu cür pozuntulara görə süni intellekt
şirkətlərini məhkəməyə verə bilərlər. Avropa Süni İntellekt İdarəsi
2026-cı ilin avqustundan yeni modelləri və 2025-ci il avqustun
2-dən əvvəl buraxılan tətbiqləri 2027-ci ilin avqustundan sonra
nəzərdən keçirməyə başlayacaq. Mütəxəssislər hesablayıblar ki,
tətbiq edilən mümkün cərimələrin məbləği 17,1 milyon ABŞ dollarına
(təxminən AI xidmətləri bazarının 14 faizi) çata bilər.
Dünyada süni intellektlə bağlı ilk beynəlxalq qanun Avropa
Parlamenti tərəfindən martın 13-də, Aİ-yə üzv ölkələrin müvafiq
nazirləri tərəfindən isə 2024-cü il mayın 21-də təsdiq edilib. Qeyd
edilib ki, yeni tənzimləmənin məqsədi “fundamental hüquqları,
demokratiyanı, qanunun aliliyini və ekoloji davamlılığı yüksək
riskli süni intellektdən qorumaqdır”.
Fevralın 2-də keçid dövründən sonra Avropa İttifaqında süni
intellektdən istifadə ilə bağlı ilk qaydalar qüvvəyə minib.
Xüsusən, Aİ vətəndaşlarının sosial reytinqini yaratmaq üçün süni
intellektdən istifadə etmək qadağan edilib (belə texnologiya artıq
Çində tətbiq olunur). Aİ, həmçinin iş yerində və ya təhsil
müəssisələrində emosiyaların tanınmasına icazə vermir.
Bundan əlavə, Aİ süni intellektin köməyi ilə insan davranışının
manipulyasiyasını və fərdlərin və ya sosial qrupların
zəifliklərinin istismarını qadağan edir. Buraya, məsələn, yaşlıları
aldatmaq üçün istifadə edilə bilən “robotik zənglər” daxildir.
Aİ ölkələrində CCTV kameralarından istifadə etməklə ictimai
yerlərdə insanların üzlərinin süni intellekt vasitəsilə tanınması
da prinsipcə qadağandır, lakin insan alveri və terrorizmlə bağlı
cinayətlərin araşdırılması zamanı hüquq-mühafizə orqanları üçün bu
məsələdə istisna edilib.
Xatırladaq ki, Avropa Komissiyası süni intellekt
“giqafabrikalarının” tikintisinə 20 milyard avro maliyyə vəsaiti
ayırıb.