
Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın administrasiyasında Pentaqon
rəhbəri kimi fəaliyyət göstərən Pit Heqsetə qarşı narazılıqlar
artmaqdadır.
Trend xəbər verir
ki, bu barədə “The Wall Street Journal” (WSJ) öz mənbələrinə
istinadən məlumat yayıb.
Nəşrin mənbələrinin bildirdiyinə görə, Heqsetin təşkilati
idarəetmə təcrübəsinin olmaması ciddi qüsur kimi qiymətləndirilir.
Xüsusilə məxfi məlumatların müzakirə olunduğu “Signal” qrupuna bir
jurnalistin əlavə edilməsi onun bu vəzifəyə uyğun olmadığını
göstərən əsas nüanslardan biri hesab edilir.
Bundan başqa, Heqsetin Ukraynaya bir sıra silahların tədarükünü
dayandırmaqla bağlı verdiyi qərar barədə Ağ Ev rəhbərliyinə
vaxtında məlumat verməməsi də narazılıqları daha da artırıb.
Qeyd edək ki, daha əvvəl “NBC News” Heqsetə yaxın mənbələrə
istinadla onun 2026-cı ildə Tennessi ştatının qubernatorluğuna
namizədliyini irəli sürməyi düşündüyünü yazmışdı. Lakin həmin
mənbələr onun bu barədə hələ yekun qərar vermədiyini də
bildirmişdilər.