
Bakı. Trend:
İtaliyanın antiinhisar qurumu “Giorgio Armani” qrupunu etik və
sosial məsuliyyətə sadiqliyini əks etdirən yalan bəyanatlara görə
3,5 milyon avro məbləğində cərimələyib.
Trend xəbər verir
ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
Bildirilib ki, “Armani” qrupunun – “Giorgio Armani SpA və G.A.
Operations SpA” – dəri çantalar və aksesuarların istehsalını əsasən
tədarükçülərə həvalə etməsi və onların isə prosesi subpodratçılara
ötürməsi nəticəsində işçilərin real iş şəraiti moda evinin elan
etdiyi etik standartlarla uyğun gəlmir.
Araşdırmalar nəticəsində məlum olub ki, bəzi subpodratçılar
istehsal gücünü artırmaq məqsədilə təhlükəsizlik avadanlıqlarının
bir hissəsini çıxarıb, bu isə işçilərin sağlamlığı və
təhlükəsizliyinə ciddi təhlükə yaradıb. Eyni zamanda, sanitar və
gigiyenik şəraitin kifayət qədər olmaması və işçilərin bir
hissəsinin rəsmi qeydiyyatsız çalışması da qeydə alınıb.
Antiinhisar qurumu bildirib:
“Bu şəraitdə işçilərin hüquqlarının və sağlamlığının qorunması, “Giorgio Armani SpA və G.A. Operations SpA” tərəfindən verilən etik
və sosial məsuliyyət bəyanatlarının məzmununa tam ziddir.”
Qurum həmçinin vurğulayıb ki, “Giorgio Armani SpA” şirkəti bu
vəziyyətdən xəbərdar olub və bunu sübut edən daxili sənədlər də
mövcuddur.
Armani şirkəti cərimə qərarına münasibət bildirərək “acı və
təəccüb” içində olduqlarını, qərarın apellyasiya yolu ilə ləğv
olunacağına inandıqlarını bəyan edib.

