
Bakı. Trend:
Səkkiz OPEC+ ölkəsi – Rusiya, Səudiyyə Ərəbistanı, Oman,
Qazaxıstan, İraq, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt və
Əlcəzair – avqustun 3-də keçiriləcək iclasda sentyabr ayı üçün neft
hasilatını gündəlik 548 min barel artırmağı təsdiqləməyi
planlaşdırır.
Trend xəbər verir
ki, bu barədə “Bloomberg” agentliyi məsələdən xəbərdar nümayəndəyə
istinadla məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Səudiyyə Ərəbistanı və tərəfdaşları
videokonfrans formatında keçiriləcək görüşdə hasilat artımını
rəsmiləşdirməyi planlaşdırır. Bu artım OPEC+ daxilində tətbiq
olunan könüllü hasilat məhdudiyyətlərindən çıxış prosesinin növbəti
mərhələsidir.
Qeyd edək ki, sözügedən ölkələr əvvəlcədən razılaşdırılmış
məhdudiyyətlər çərçivəsində 2026-cı ilin sonuna qədər hasilatı 1,65
milyon barel azaldacaqlarına dair öhdəlik götürüblər. Bu yanaşmaya
əlavə olaraq, 2,2 milyon barel həcmində əlavə könüllü azalmalar da
tətbiq olunmuşdu.
BƏƏ-nin kvotasına gəlincə, 2024-cü ilin aprelindən etibarən
gündəlik 300 min barel artımla kvota tədricən artırılmağa başlanıb.
Yeni qərarlar bu artımı da nəzərə alacaq.
May ayında OPEC+ ölkələrinin “səkkizliyi” hasilat
məhdudiyyətlərini daha sürətlə ləğv etmək qərarına gələrək
birdən-birə gündəlik 411 min barel artırıma keçdi. İyun və iyulda
da analoji addımlar atılıb. Avqust ayında isə hasilat artımı
sutkada 548 min barel səviyyəsində müəyyən edilib.
Bununla belə, ölkələr əvvəlki dövrlərdə normanı aşan hasilatları
kompensasiya etmək üçün OPEC Katibliyinə təqdim etdikləri təzminat
cədvəllərinə riayət etməlidirlər. Bu səbəbdən, avqust ayında
faktiki icazə verilən maksimum artım 502 min barel/sutka həddində
olacaq.
OPEC+ “səkkizliyi” sentyabr ayı üzrə hasilat səviyyəsinin
təsdiqi üçün avqustun 3-də iclas keçirəcək. Əlavə hasilat edən
ölkələr avqustun 18-dək artıq hasilatı kompensasiya etmək üçün
yenilənmiş təzminat cədvəlləri təqdim etməlidirlər.

