
Bakı. Trend:
Polşanın Lyublin voyevodalığında, Belarusla sərhədin su hissəsi
boyunca elektron baryerin tikintisi yekunlaşıb.
Trend xəbər verir
ki, bu barədə Polşanın Daxili İşlər və İdarəetmə naziri Marçin
Kervinski məlumat verib.
Nazirin sözlərinə görə, Buq çayı boyunca quraşdırılan baryerin
dəyəri 280 milyon zloti (təxminən 75 milyon dollar) təşkil edir. O
qeyd edib ki, ümumilikdə Belarusla sərhəd boyunca elektron və
fiziki maneələrin gücləndirilməsinə 160 milyon dollardan çox vəsait
xərclənib və bu investisiyalar davam etdiriləcək.
Kervinski bildirib ki, görülən tədbirlər nəticəsində qanunsuz
sərhəd keçidlərinin aşkarlanması səmərəliliyi 30%-dən 98%-ə
yüksəlib.
Qeyd edək ki, 2022-ci ildə Polşa Belarusla sərhəddə 186 km
uzunluğunda və 5,5 m hündürlüyündə tikanlı məftilli polad hasar
tikmiş, 2023-cü ildə isə sərhədin quru hissəsində elektron nəzarət
sistemlərinin (gecə və istilik görüntü kameraları, aşkarlama
kabelləri və s.) qurulmasını tamamlamışdı.

