
Bakı. Trend:
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya neft və neft
məhsullarının daşınmasında iştirak edən “kölgə donanması” ilə
əlaqəli olduğu iddia edilən gəmi kapitanları da daxil olmaqla, bir
sıra ölkələrdən 5 şirkət və 94 fiziki şəxsə qarşı sanksiya tətbiq
olunduğunu açıqlayıb.
Trend-in
məlumatına görə, bu barədə Ukrayna prezidenti “Telegram” kanalında
yayımlanan video müraciətində bildirib.
“Üç sanksiya paketi hazırlanıb və ilk paket artıq bu gün tətbiq
edilib. Rusiya kölgə donanmasının kapitanlarına qarşı sanksiyalar,
biz bütün bunları – bütün bu paketləri – tərəfdaşlarımızla
sinxronlaşdıracağıq”, – deyə o bildirib.
V.Zelenskinin saytında sanksiyaların tətbiqi ilə bağlı fərman da
dərc olunub. O cümlədən, fiziki şəxslərin siyahısına 94 nəfər
daxildir ki, onlardan 83-ü Rusiya Federasiyasının, digərləri isə
Banqladeş, Gürcüstan, Hindistan, İran, Çin, Myanma, Pakistan kimi
ölkələrin vətəndaşlarıdır.