Almaniyanın ümumi daxili məhsulu ilin ikinci rübündə azalıb

Baş səhifə

Bakı. Trend:

Almaniyanın ümumi daxili məhsulu bu ilin ikinci rübündə
yanvar-mart ayları ilə müqayisədə 0,1 faiz azalıb.

Trend xəbər verir ki, bu
barədə Federal Statistika İdarəsinin məlumatında bildirilib.

Statistikaya əsasən, ilin ikinci rübündə ümumi daxili məhsul 1
trilyon 94,5 milyard avro təşkil edib. İlin ilk üç ayında isə bu
göstərici 1 trilyon 98,2 milyard avro (+0,3 faiz) olmuşdu. Bu
dövrdə bir çox şirkətin ABŞ-ın tətbiq edəcəyi yüksək gömrük
rüsumlarını qabaqlamaq üçün ixracatı önə çəkməsi sənaye
istehsalının artmasına səbəb olmuşdu.




ABŞ ilə əldə olunan yeni razılığa əsasən avqustun 1-dən Avropa
İttifaqı məhsullarına 15 faizlik gömrük rüsumunun tətbiq edilməsi
vəziyyəti bir qədər də çətinləşdirə bilər.

Qeyd edək ki, əvvəlki rüsumlar cəmi 2,5 faiz idi. Yeni
rüsumların Almaniya iqtisadiyyatına daha çox təsir edəcəyi
gözlənilir. Çünki ABŞ Almaniyanın ixracatında ilk sırada yer alır.
Ötən il Birləşmiş Ştatlara 161 milyard avro dəyərində məhsul ixrac
edilib. İxrac göstəricisinə avronun məzənnəsinin güclənməsi də
təsir göstərir. Avronun məzənnəsinin ilin əvvəlindən əhəmiyyətli
dərəcədə möhkəmlənməsi alman mallarını xaricdə daha bahalı
edir.