
Bakı. Trend:
“SOCAR Türkiye” strukturuna daxil olan və dəniz daşımaları
sahəsi üzrə ixtisaslaşmış “SOCAR Marine” Avrpopanın emissiyalar
üzrə kvota ticarət sistemi (EU ETS) çərçivəsində istixana qazı
emissiyalarının alışı və satışı üzrə əməliyyatlara başladığını elan
edib.
Trend xəbər
verir ki, şirkətin məlumatına görə, yeni təşəbbüs gəmi sahiblərinə,
operatorlara və fraxt verənlərə, gəmilərin Aİ limanlarına daxil
olarkən karbon emissiyalarının azaldılması ilə bağlı öhdəliklərini
yerinə yetirməkdə dəstək göstərməyə yönəlib.
Mövcud qaydalara əsasən, EU ETS-nin dənizçilik sektorunda
tətbiqindən sonra Avropa limanlarına daxil olan bütün gəmilər
müəyyən olunmuş emissiya limitlərinə riayət etməli və müvafiq
“carbon allowance” – karbon emissiya kvotalarını əldə etməlidir.
“SOCAR Marine” isə sənaye iştirakçılarına belə kvotaların
alqı-satqısı üzrə həllər təklif edərək, onların logistika
əməliyyatlarının fasiləsizliyini təmin edir.
Bundan əlavə, şirkət təqdim etdiyi xidmətlərin dairəsini
genişləndirməyi, o cümlədən, bioyanacaq ticarətini, “FuelEU”
təşəbbüsü çərçivəsində xidmətlərin göstərilməsini və birgə
“pooling” həllərinin təşkilini planlaşdırır ki, bu da “SOCAR
Marine” şirkətinin davamlı dəniz daşımaları sahəsində aparıcı
mövqelərini daha da möhkəmləndirəcək.