TAP bu ilin birinci yarısında “Snam” şirkətinə iri məbləğdə xalis gəlir qazandırıb

Baş səhifə

Bakı. Trend:

Trans-Adriatik qaz kəməri (TAP) 2025-ci ilin birinci yarısında
İtaliyanın enerji infrastrukturu operatoru “Snam” şirkətinə 36
milyon avro xalis gəlir qazandırıb.

Bu haqda Trend
şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Müqayisə üçün, 2024-cü ilin analoji dövründə TAP şirkətə 33
milyon avro qazandırmışdı. Beləliklə, TAP-ın payı illik ifadədə
9,1% artıb.




Hesabata görə, 2025-ci ilin ilk altı ayında “Snam” şirkətinin
assosiasiya olunmuş şirkətlərdə pay iştirakından əldə etdiyi ümumi
204 milyon avro xalis gəlirin 17,6%-i TAP-ın payına düşüb. 2024-cü
ilin birinci yarısında isə TAP-ın payı 157 milyon avro ümumi
məbləğin 21%-ni təşkil edib.

Qeyd edək ki, TAP Cənub Qaz Dəhlizinin əsas elementlərindən
biridir və Xəzər dənizində yerləşən Azərbaycan “Şahdəniz”
yatağından hasil edilən təbii qazı Avropa bazarlarına nəql edir.
Qaz kəmərinin uzunluğu 878 kilometrdir: o, Yunanıstanın Kipoi
qəsəbəsində TANAP-la birləşir, Yunanıstan və Albaniya ərazisindən
keçir, Adriatik dənizini aşaraq İtaliyanın cənub hissəsində son
nöqtəsinə çatır.