
Bakı. Trend:
2025-ci ilin birinci yarısında Transadriatik qaz kəməri (TAP)
vasitəsilə İtaliyaya təxminən 4,8 milyard kubmetr təbii qaz nəql
olunub ki, bu da 2024-cü ilin analoji dövrü ilə eyni səviyyədədir
(İtaliyaya ümumi qaz idxalının təqribən 15%-i).
Bu barədə Trend
TAP AG şirkətinin səhmdarlarından biri olan Snam-a istinadla xəbər
verir.
“Qaz kəmərinin gücünün potensial genişləndirilməsinə marağı
qiymətləndirmək məqsədilə yeni məcburi olmayan bazar sınağı
mərhələsinə start verilib”, – şirkətin açıqlamasında deyilir.
Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorunda
yerləşən “Şahdəniz” yatağından çıxarılan qazı Avropaya nəql edir.
877 kilometr uzanan boru xətti Türkiyə-Yunanıstan sərhədində
(Kipoi) Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə birləşir və
beləcə, Yunanıstan və Albaniya ərazilərindən, ardınca Adriatik
dənizdən keçərək, İtaliyanın cənub sahillərinə çıxır.
TAP mövcud və potensial interkonnektorlar vasitəsilə Cənub-Şərqi
Avropa ölkələrinin qazla təchizatına vasitəçilik edir. TAP 2022-ci
ilin oktyabr ayından istismara verilmiş Yunanıstan-Bolqarıstan
(IGB) interkonnektoruna da bağlıdır və onun vasitəsilə Xəzər qazı
Bolqarıstana tədarük olunur. TAP-ın Yunanıstan və Albaniyaya,
həmçinin, İtaliyanın cənub sahillərinə çıxışı Azərbaycan qazının
daha böyük Avropa bazarlarına çıxışına əlavə imkanlar yaradır.
TAP-ın pay sahibləri bunlardır: bp (20 faiz), SOCAR (20 faiz),
“Snam” (20 faiz), “Fluxys” (20 faiz), “Enagas” (20 faiz).