Qazaxıstanda itkin düşən helikopterin axtarışları 11 gündür davam edir (FOTO)

Baş səhifə

Bakı. Trend:

Qazaxıstanda iyulun 25-də Almatı vilayətində radarlardan itən
EC-145 tipli hərbi helikopterin axtarışları artıq 11 gündür davam
edir.

Trend xəbər verir
ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti
məlumat yayıb. Bildirilib ki, axtarış-xilasetmə işlərinə 330-dan
çox şəxsi heyət, 59 texnika, 23 üzən vasitə, 12 pilotsuz uçuş
aparatı, exolot və georadar avadanlıqları, həmçinin aviasiya və
kinoloji bölmələr cəlb olunub.




Müdafiə Nazirliyi qeyd edir ki, axtarışlara Fövqəladə Hallar və
Daxili İşlər nazirliklərinin, eləcə də digər dövlət qurumlarının
əməkdaşları da qoşulub. Çətin şəraitə – suyun dibində dərin
lillənmə, sıfır görünüş və dəyişkən hava şəraitinə baxmayaraq,
işlər fasiləsiz şəkildə aparılır.

İtkin düşən helikopterin ekipaj üzvlərinin taleyi və hadisənin
səbəbləri müəyyən olunana qədər axtarış tədbirləri davam
etdiriləcək.