Aİ ABŞ-nin tarif güzəştlərini rəsmi şəkildə təsdiqləyəcəyini gözləyir

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) ABŞ-nin bu həftə Aİ ölkələrindən idxal
edilən məhsullara tətbiq edilən 15 faizlik gömrük rüsumlarından
istisnaları, eləcə də avtomobil məhsullarına tarif endirimlərini
rəsmi şəkildə təsdiqləyəcəyinə ümid edir.

Trend xəbər verir
ki, bu barədə “Bloomberg” agentliyi danışıqlarla tanış mənbələrə
istinadən məlumat yayıb.

Məlumata görə, Aİ tərəfi ABŞ Prezidenti Donald Trampın yay
aylarında tarif siyasətinin yumşaldılması ilə bağlı əldə olunmuş
razılaşmalara hüquqi qüvvə verəcək fərmanları imzalayacağına
inanır. Gözlənilən güzəştlərə xüsusilə avtomobillərə tətbiq edilən
rüsumların azaldılması və təyyarə hissələri də daxil olmaqla bəzi
sənaye məhsulları üzrə istisnalar daxildir.




Tərəflərin Tramp ilə Avropa Komissiyasının sədri Ursula fon der
Leyen arasında əvvəllər əldə edilmiş siyasi razılaşmanı təsdiqləyən
birgə bəyanat yayacağı ehtimal edilir.

“Bloomberg” qeyd edir ki, 15 faizlik rüsum səviyyəsi əvvəllər 25
faiz gömrük rüsumuna tabe olan avtomobillərə də tətbiq oluna bilər.
Bundan əlavə, Aİ-dən idxal edilən digər məhsullar –
yarımkeçiricilər və dərman preparatları üzrə tariflər də yenidən
nəzərdən keçiriləcək.