
Bu ilin yanvar-iyul aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 573 kiberhücum indikatoru (IOC) müəyyən edib.
“Report”un Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 % azdır.
Kibertəhdidlərin 206-sı daxili araşdırma, 367-si isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.
Təkcə iyulda isə 69 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 45 % azdır.
Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 314,88 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 15 milyon 846 min 700, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 62 min 667 zərərverici tərkibli elektron sənəd blok edilib.