
Bakı. Trend:
Azərbaycan Mərkəzi Asiyada Regional İqtisadi Əməkdaşlıq Proqramı
(CAREC) çərçivəsində nəqliyyat infrastrukturuna ən çox investisiya
qəbul edən üç ölkədən birinə çevrilib.
Trend xəbər verir
ki, bu barədə Asiya İnkişaf Bankının yeni hesabatında deyilir.
2001-ci ildə işə salınmasından bəri CAREC proqramı iqtisadi
bərabərsizliklərin aradan qaldırılması və ticarətə və nəqliyyat
infrastrukturun inkişafına dəstək hesabına regional inteqrasiyanın
möhkəmləndirilməsinə yönəlmiş 276 regional layihə çərçivəsində
ümumilikdə 51 milyard ABŞ dollarından çox vəsait səfərbər edib.
Ən çox yatırımlar nəqliyyat sahəsinə qoyulub – ümumi həcmin 67,4
faizi və ya 34,3 milyard dollar. Həmin məbləğdən 16,3 faizi
Azərbaycanın payına düşür ki, bu da onun üzv dövlətlər arasında
Qazaxıstan (24,6%) və Özbəkistandan (19%) sonra üçüncü yerdə
qərarlaşmasını təmin edib.
İnvestisiyalar xüsusilə multimodal nəqliyyat şəbəkələrinin
inkişafına, transsərhəd ticarətin sadələşdirilməsinə və regional
iqtisadi dəhlizlərin yaradılmasına yönəldilib. Bu dəhlizlərə Cənubi
Qafqaz çərçivəsində və onun hüdudlarından kənarda Azərbaycanın
əlaqəliliyinə strateji əhəmiyyət kəsb edənlər də daxildir.
Ticarətin təşviqi və ticarət siyasəti tədbirlərinə 1,4 milyard
dollar vəsait, yəni ümumi investisiya həcminin 2,7 faizi
yönəldilib. Bu istiqamətdə liderlər Çin Xalq Respublikası (38,9%),
Pakistan (22,2%) və Monqolustandır (16,1%).