
Bakı. Trend:
Milli Tayvan Universitetindən olan alim qrupu induksiya olunmuş
plüripotent kök hüceyrələri əsasında siçanlarda bağırsaq
xərçənginin qarşısını uğurla almış və onun inkişafını ləngitmiş
peyvənd yaradıblar.
Trend xəbər verir
ki, elmi tədqiqatın nəticələri “Theranostics” dərgisində nəşr
olunub.
Professor Tsu-Tan Veyin rəhbərliyi altında alimlər iPSC
lizatlardan (dağılmış hüceyrə məhsulları) CpG immunostimulyatoru
ilə birləşmiş şəkildə istifadə ediblər. Bu kombinasiyanın tətbiqi
heyvanlarda immun reaksiyanı aktivləşdirib və şişlərin böyüməsini
əhəmiyyətli dərəcədə azaldıb.
Eyni zamanda, vaksin yalnız terapevtik deyil, həm də profilaktik
vasitə kimi işləyib: xərçəng hüceyrələri ilə yoluxdurulmazdan əvvəl
preparat verilmiş siçanlar xəstəliyə dayanıqlı olublar.
Kütləvi spektrometriya və kompüter modelləşdirməsi vasitəsilə
tədqiqatçılar həm iPSC-də, həm də xərçəng hüceyrələrində aktiv,
lakin sağlam toxumalarda, demək olar ki, rast gəlinməyən iki zülalı
— HNRNPU və NCL-i müəyyən ediblər. Məhz bu zülallar immun
sisteminin hədəfinə çevrilib: dendrit hüceyrələri onları
T-hüceyrələrinə “tanıdaraq” güclü şiş əleyhinə reaksiyanı işə
salıblar.