Gürcüstanda polisə hücum edən xəbər portalının direktoruna hökm oxunub

Baş səhifə

Bakı. Trend:

Gürcüstanda Batumi şəhər məhkəməsi “Batumelebi” onlayn nəşrinin
direktoru Mziyu Amaqlobelini etiraz aksiyası zamanı polisə sillə
vurduğuna görə 2 il müddətinə azadlıqdan məhrum edib.

Trend bu barədə
Gürcüstan KİV-ə istinadən xəbər verir.

Məlumata görə, hökmü oxuyan zaman hakim Amaqlobelinin işinin
daha “yumşaq maddəyə” tövsif edildiyini xatırladıb. Amaqlobeli
əvvəl polisə hücum etməkdə təqsirləndirilirdi və həmin maddəyə
əsasən, 4 ildən yeddi ilə qədər azadlıqdan məhrum etmə cəzası
nəzərdə tutulur. Lakin hakim işi hakimiyyət nümayəndəsinə müqavimət
maddəsinə tövsif edib. Bu maddə 2 ildən 5 ilə qədər həbs cəzasını
nəzərdə tutur.




Amaqlobeli yanvarın 12-də Batumidə Acarıstan Polis Baş
İdarəsinin binası qarşısında keçirilən mitinqdə saxlanılıb.

Ölkənin yerli KİV-in yaydığı kadrlarda xəbər portalının
direktoru polis əməkdaşına sillə vurduqdan sonra onun saxlanıldığı
görünür.