Pezeşkianın oğlu İran-Azərbaycan münasibətlərinə qarşı çıxanları tənqid edib

Baş səhifə

Bakı. Trend:

İran-Azərbaycan münasibətləri əleyhinə radikal və məsuliyyətsiz
ritorika bölgədə gərginliyi artırmaqdan başqa bir nəticə
vermir.

Trend-in
məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkianın oğlu,
müşaviri və köməkçisi Yusif Pezeşkian yerli media üçün yazdığı
məqalədə qeyd edib.

Onun sözlərinə görə, ölkədə İsrailin İranla 12 günlük
müharibəsində guya Azərbaycanın İsrailə dəstək verdiyi ilə bağlı
yayılan iddialar irəli sürülür. İlk öncə bu iddiaların hansı
faktlara əsaslandığını araşdırmaq lazımdır. Ölkənin təhlükəsizlik
xidmətləri bu haqda heç bir hesabat verməyib və bu iddaları
təsdiqləməyiblər.




Pezeşkian deyib ki, növbəti mərhələdə araşdırmaq lazımdır ki, bu
iddiaların ölkəyə hansı mənfəəti və xeyri olacaq. Görəsən,
Azərbaycanla münasibətlərin gələcəyini gərginləşdirmək istəyirikmi?
Bununla əlaqədar üç versiyanı nəzərdən keçirmək lazımdır:

“1. Hərbi qarşıdurma – yəni, ya İran Azərbaycana qarşı döyüşmək
istəyir, ya da Azərbaycanı təhrik edir. Bu, nə dövlətin, nə də
xalqın istədiyi seçimdir və ölkənin maraqlarına ziddir; 2. Nə sülh,
nə müharibə vəziyyəti – yəni, iki ölkə arasında gərginlik davam
edir, amma hərbi qarşıdurma baş vermir. Bu halda qarşılıqlı
düşmənçilik siyasəti beynəlxalq forumlarda və iqtisadi sferalarda
zərər gətirə bilər; 3. Əməkdaşlıq və qonşuluq münasibətləri – fikir
ayrılıqlarına baxmayaraq, iqtisadi, ticarət və təhlükəsizlik
sahələrində əməkdaşlıq mümkündür və ən uğurlu yanaşma budur”, –
deyə o bildirib.

Prezidentin köməkçisi bildirib ki, üçüncü yanaşma – dialoq və
əməkdaşlıq – həm İranın, həm də regionun sabitliyi baxımından ən
məqbul yoldur.