Xəzər dənizi sahillərində çimərlik turizminin inkişafı: Yeni perspektivlər

Baş səhifə

Bakı.Trend:

Azərbaycanda çimərlik turizmi üzrə böyük potensial var. Bu
potensial yalnız Bakı və Abşeron yarımadasını əhatə etmir.

Bunu Trend
Azərbaycanın çimərlik turizmi sahəsindəki fəaliyyətini şərh edərkən
turizm eksperti Cəfər Qarayev deyib.

Onun sözlərinə görə, Azərbaycanın Xəzər dənizi sahilləri
turizmin bu sahəsində xüsusi rol oynayır:

“Həmçinin Mingəçevir Su Anbarını, digər çaylar və göllər
ətrafında da müəyyən infrastruktur quraraq onlardan da çimərlik
kimi istifadə etmək mümkündür. Hazırda Mingəçevir Su Anbarında
bundan istifadə olunur. Bununla yanaşı, azad olunmuş
ərazilərimizdəki Sərsəng, Suqovuşan su anbarlarında və çaylarında
da təmizləmə ilə çimərlik potensialı kimi istifadə edilə
bilər”.

C.Qarayev bildirib ki, Xəzər dənizinin Azərbaycan hissəsi
Astaradan Xaçmaz rayonuna qədər tam potensiala malikdir:




“Bu potensialdan sonuna qədər istifadə etmək imkanımız var. Son
zamanlarda xüsusilə cənub zonasında yeni çimərliklər və istirahət
mərkəzləri qurulur. İnsanlar artıq o zonaya da üz tuturlar. Tək
Bakı və Abşeron yarımadasında deyil, Xəzərin Azərbaycan
sahillərindəki digər ərazilərdə də çimərlik turizmi üçün potensial
var. Bakı və Abşeron yarımadasındakı çimərliklərdən hazırda yerli
və xarici turistlər istifadə edir. Bu ərazidə hər büdcəyə uyğun
olaraq yerli və xarici turistlər çimərliklərdən istifadə edirlər.
Amma bu mövzu ən vacib məsələlərdən biri turizm və rekreasiya
zonaları ilə bağlıdır. Məsələn, Yaşma deyilən bölgədən Nabrana
qədər olan zonada çimərlik turizminin potensialı böyükdür, suyu
təmizdir. Turizm və rekreasiya zonalarının Nümunəvi Əsasnaməsində
qeyd olunduğu kimi, yerli və xarici investorlar cəlb olunmaqla yeni
hotel, komplekslər qurmaq olar. Bu yolla kifayət qədər yerli və
xarici turistlər cəlb edə bilərik ki, Xəzər sahillərində
dincəlsinlər, həm də asudə vaxtlarını səmərəli keçirsinlər”.

Turizm eksperti Ceyhun Aşurov isə Trend-ə bildirib ki, çimərlik turizmi yay
mövsümünün ən əsas, populyar istirahət növüdür:

“Dənizkənarı ərazilər, su hövzələri çimərlik mövsümü dövründə
insanların daha çox axışdığı yerlərdir. Biz Xəzər dənizinin
sahilində yerləşdiyimiz üçün əlbəttə ki, bu turizm növləri
Azərbaycanda var. Biz bunu daha doğru şəkildə turistlərə təqdim
etməyi bacarmalıyıq. Hazırda çimərlik ərazilərdə kifayət qədər çox
insan var. İnsanların istirahət etməsi üçün ödənişli və ödənişsiz
yerlər də var. Amma biz müşahidə edirik ki, isti günlərdə ödənişli
yerlərdə giriş qiyməti 30, 40, 50 manat olsa da, xidmətdən istifadə
edən insanlar az deyil. Dəniz kənarı plyajlar dövlət-özəl
əməkdaşlığı çərçivəsində müəyyən şirkətlərə verilə bilər. Orada
daha keyfiyyətli xidmətin təşkili yaradıla bilər”.

Ekspert qeyd edib ki, bu sahədə xidmətlərin ödənişli olmasının
əleyhinə deyil:

“Tutaq ki, dövlət hansısa şirkətə ərazini icarəyə verir. Şirkət
də bunun qarşılığında təmizliyə riayət edir, insanların əyləncəsi
üçün fəaliyyət göstərir, insanların təhlükəsizliyinin qorunması
istiqamətində addımlar atılır. Özəl şirkətlər bu şəraiti yaradaraq
özləri də qazanc əldə edə bilərlər. Həm də insanlarımıza daha
keyfiyyətli xidmət göstərə bilərlər. Bu alternativlər olmalıdır,
hətta çimərliyin yanında müəyyən su hövzələri yaradıla və qurula
bilər. Belə şəraitin yaradılması insanların keyfiyyətli xidmət
almasına gətirib çıxaracaq və məmnuniyyəti artıracaqdır. İstər
xarici turistlər, istərsə də vətəndaşlar bu xidmətlərdən yararlana
bilər. Ona görə də hansısa yerin pulsuz yaxud ödənişli olması yox,
verilən xidmətin keyfiyyəti önəmlidir. Mütləq ödənişsiz çimərliklər
olmalıdır, amma ödənişli sahələrin də istifadəyə verilməsi bu
sahədə rəqabət mühiti yaradacaq”.

Spread the love