
ABŞ və Serbiya iqtisadi və müdafiə əlaqələrini gücləndirmək üçün ikitərəfli dialoq aparmaq barədə razılığa gəliblər.
“Report” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus açıqlamasında bildirib.
“Dövlət katibi Marko Rubio Serbiyanın xarici işlər naziri Marko Djuriç ilə görüşüb. Tərəflər iqtisadi və müdafiə əlaqələrini dərinləşdirmək üçün bu ilin sonunda ABŞ və Serbiya arasında ikitərəfli strateji dialoqun keçirilməsi barədə razılığa gəliblər”, – o deyib.
Dövlət Departamentinin məlumatına görə, nazirlər, həmçinin regional sabitliyin möhkəmləndirilməsi və iqtisadi artım üçün şərait yaradılması üçün Qərbi Balkanlarda, xüsusilə Kosovo, eləcə də Bosniya və Herseqovina ilə bağlı gərginliyin azaldılmasının vacibliyini müzakirə ediblər.
Serbiya Prezidenti Aleksandar Vuçiç yanvar ayında bildirib ki, Serbiya və ABŞ strateji dialoq mövzusunu açıblar. Bu, bütün mövcud fikir ayrılıqlarını həll etməyəcək, lakin rəsmi Belqrad və Vaşinqton arasında enerji, iqtisadiyyat və müdafiə sahələrində əməkdaşlıq üçün böyük perspektivlər yaradacaq.