Beynəlxalq mediada verilən siqnallar onu göstərir ki, Azərbaycanın sülhlə bağlı Ermənistan qarşısında tələbləri qəbul edilib – RƏY

Baş səhifə

Vaşinqtonda Azərbaycanla Ermənistan arasında gözlənilən sülh danışıqları ABŞ-nin regiona böyük marağını və burada sülhə, sabitliyə nail olunmasını dəstəklədiyini göstərir.

Bunu “Report”a Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O qeyd edib ki, 44-günlük müharibədən sonra sülh təşəbbüsünü irəli sürən məhz Prezident İlham Əliyev oldu:

“Prezident Ermənistanla sülh gündəliyini irəli sürdü, beynəlxalq hüququn beş prinsipi əsasında Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mükəmməl işlənmiş layihəsini qarşı tərəfə təqdim etdi. Sözügedən Sülh müqaviləsinin mətni tərəflər arasında razılaşdırılsa da, Azərbaycanın haqlı iki narahatçılığı hələ də həll edilməmiş qalırdı. Fəaliyyətsiz və artıq mövcud olmayan münaqişənin “qalığı” olan ATƏT-in Minsk Qrupunun ləğvi və Ermənistan Konstitusiyasında Azərbaycan Respublikasının legitim ərazilərinə dair iddiaların aradan qaldırılması Azərbaycanın tələbləridir”.

Pərvanə Vəliyeva

Pərvanə Vəliyeva

P.Vəliyeva vurğulayıb ki, beynəlxalq və yerli mediada verilən siqnallar onu göstərir ki, Azərbaycanın bu tələbləri də qarşı tərəfdən qəbul edilib.

“Çünki bu tələblər və Zəngəzur dəhlizinin açılması olmadan iki ölkə arasında sülh müqaviləsinin bağlanması real görünmür. Prezidentimiz dəfələrlə bəyan edib ki, biz sülhü Paşinyanla deyil, Ermənistan xalqı ilə imzalamaq istəyirik. Deməli erməni xalqı Konstitusiya dəyişikliklərinə “HƏ” deməli, Azərbaycanın haqlı narahatçılığını qəbul etməlidir”.

Deputat bəyan edib ki, qələbəni, sülh gündəliyini, sülh müqaviləsinin şərtlərini, Zəngəzur Dəhlizinin fəaliyyətini diqtə edən və reallaşdıran Prezident İlham Əliyevdir.

“Xarici mediada dəhlizin ABŞ tərəfindən istismar ediləcəyi və ya ABŞ-ın qarantiyası ilə işə düşəcəyi qeyd olunur. Hər halda, ABŞ prezidenti Donald Tramp belə bir görüşə ev sahibliyi edirsə, deməli deyilənlər həqiqətdir”.