Görkəmli caz ustası vəfat edib

Baş səhifə

Bakı. Trend:

Məşhur bəstəkar və pianoçu, Latın Amerikası cazının pioneri
sayılan Eddi Palmyeri 88 yaşında vəfat edib.

Trend xəbər verir
ki, bu barədə “The Guardian” nəşri yazır.

Musiqiçinin ölümünü onunla uzun müddət əməkdaşlıq etmiş “Fania
Records” musiqi şirkəti təsdiqləyib.




Palmyerinin qızı Qabriella bildirib ki, atası Nyu-Cersidəki
evində dünyasını dəyişib. Onun uzun sürən xəstəlikdən əziyyət
çəkdiyi qeyd olunur.

Palmyeri 1936-cı ildə Nyu-York şəhərinin ispan Harlemi adlanan
rayonunda dünyaya gəlib. Hələ kiçik yaşlarından fortepiano ifa
etməyi öyrənən Palmyeri zaman keçdikcə bəstəkar kimi peşəkar
səviyyəyə yüksəlib. O, afroamerikan və latın musiqi üslublarını
birləşdirərək, sınaqlar aparıb və bunun nəticəsində salsa, fank,
soul və caz elementlərini özündə cəmləşdirən unikal janr sintezini
yaradıb.

Sənətçi 1975-ci ildə “Qremmi” mükafatına layiq görülən ilk latın
amerikalı musiqiçi olub. Latın cazının öncüsü sayılan Palmyerinin
diskoqrafiyasında, demək olar ki, 40 albom yer alır. Yaşına
baxmayaraq, o, hətta COVID-19 pandemiyasının ilk dövrlərində belə
canlı konsertlər verməyə davam edib.