Səngəçal terminalından neft və kondensat ixracının həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin birinci yarımilində Azəri-Çıraq-Günəşli (AÇG) və
Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri
vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.

Trend bp-yə
istinadən xəbər verir ki, terminalın texniki emal sistemlərinin
gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz
qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı
və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik
təqribən 100 milyon standart kubmetrdir.

İlk altı ay ərzində terminal təxminən 106 milyon barel neft və
kondensat ixrac edib ki, bu həcmlərin hamısı Bakı-Tbilisi-Ceyhan
vasitəsilə nəql edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə
müqayisədə 4 milyon barel və ya 3,6% azalma deməkdir.

Qaz terminaldan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi
(CQBKG) sistemi də daxil olmaqla əsasən Cənubi Qafqaz Boru Kəməri
(CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama
sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac
olunur.

İlk altı ay ərzində terminaldan həmçinin gündəlik orta hesabla
təxminən 74 milyon standart kubmetr (təxminən 2 milyard 616 milyon
standart kubfut) Şahdəniz qazı göndərilib. Bu isə ötən ilin eyni
dövründəki göstərici ilə müqayisədə 2 milyon standart kubmetr və ya
2,6% azalma deməkdir.




Terminalda emissiyaların azaldılmasına
doğru

İyunun 2-də Səngəçal terminalının investorları Səngəçal
terminalının elektrikləşdirilməsi (STEL) layihəsini təsdiqlədilər.
230 milyon dollar dəyərində olan bu layihə terminalın AzərEnerji
ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulmasını təmin
edəcək. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan
kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV-luq elektrik
yarımstansiyası inşa ediləcək.

STEL layihəsi Cəbrayıl rayonunda 240 MVt AC gücündə günəş
elektrik stansiyasının tikintisini nəzərdə tutan Şəfəq günəş
layihəsi ilə “virtual enerji ötürmə mexanizmi” adlanan yeni
kommersiya modeli vasitəsilə sıx əlaqəlidir. Bu mexanizmə əsasən,
Şəfəq stansiyası elektrik enerjisi istehsal edərək onu Cəbrayıl
rayonunda AzərEnerjiyə verəcək, AzərEnerji isə sonra eyni həcmdə
elektrik enerjisini Bakı yaxınlığında yerləşən Səngəçal terminalına
ötürəcək. Hazırkı proqnozlara və planlara əsasən, Şəfəq və STEL
layihələri birlikdə Səngəçal terminalının gələcək istismar dövründə
terminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50%
azaldılmasına imkan yaradacaq.

Hazırda terminal öz enerji ehtiyacını qarşılamaq üçün yeddi qaz
turbinindən istifadə edir. Elektrikləşdirilmədən sonra turbinlər
mərhələli şəkildə demontaj olunacaq və bu da istifadə olunmayan
yanacaq qaz həcmlərinin ixraca yönəldilməsinə imkan verəcək.

STEL layihəsi Səngəçal terminalının operatoru olan bp tərəfindən
həyata keçiriləcək və idarə olunacaq. Layihə üzrə tikinti işləri
artıq başlanıb və bu işlərin iki mərhələdə başa çatacağı nəzərdə
tutulur – 1-ci mərhələ 2027-ci ilin ortalarında, 2-ci mərhələnin
isə 2028-ci ilin sonunadək.