Donald Tramp “Intel” rəhbərinin istefasını tələb edib

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp “Intel” şirkətinin baş direktoru
Lip-Bu Tanın dərhal istefa verməsini tələb edib.

Trend xəbər verir
ki, Trampın müvafiq bəyanatı onun “Truth Social” sosial şəbəkə
hesabında dərc olunub.

“Intel-in baş direktoru maraqların ciddi şəkildə toqquşması
vəziyyətindədir və dərhal istefa verməlidir. Bu problemin başqa
həlli yoxdur. Bu məsələyə diqqət göstərdiyiniz üçün təşəkkür
edirəm”, – Tramp bəyan edib.




Trampın çağırışı, ABŞ hakimiyyət orqanlarının Intel rəhbərinin
Çin texnoloji sektoru ilə əlaqələrinə artan diqqəti fonunda
səslənib. Bu həftə respublikaçı senator Tom Kotton “Intel”in
Direktorlar Şurasına müraciət edərək Lip-Bu Tanın Çinlə olan
maliyyə və biznes əlaqələrinin mahiyyəti və miqyası ilə bağlı
izahat tələb edib.

KİV-lər yazır ki, Lip-Bu Tan 1987-ci ildə təsis etdiyi “Walden
International” adlı vençur fondu vasitəsilə, həmçinin Honqkonqda
qeydiyyatdan keçmiş “Sakarya Limited” və “Seine Limited” kimi
əlaqəli qurumlar vasitəsilə onilliklər ərzində Çin şirkətlərinə
sərmayə yatırıb.