Netanyahu İsrailin bütün Qəzza zolağına hərbi nəzarəti ələ keçirmək niyyətində olduğunu açıqlayıb – YENİLƏNİB

Baş səhifə

İsrail bütün Qəzza zolağına hərbi nəzarəti ələ keçirməyi, lakin sonra nəzarəti ərazini düzgün idarə edə biləcək ərəb ölkələrinin silahlı qüvvələrinə verməyi planlaşdırır.

“Report” xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu “Fox News” telekanalına müsahibəsində deyib.

“Biz bunu etmək niyyətindəyik. Biz orada qalmaq istəmirik. Biz təhlükəsizlik perimetri yaratmaq istəyirik. Biz Qəzzanı idarə etmək istəmirik, orada hakim qüvvə olmaq istəmirik”, – deyə o, İsrailin 26 millik bütün sahil zolağına nəzarəti ələ keçirmək niyyətində olub-olmaması ilə bağlı sualı cavablandırarkən söyləyib.

Netanyahunun sözlərinə görə, İsrailin məqsədi Qəzzanı İsrail üçün təhlükə yaratmayan və anklav sakinləri üçün layiqli həyatı təmin edəcək şəkildə idarə edəcək “ərəb qüvvələri”nə verməkdir.

Qeyd edək ki, bu bəyanat Qəzzada humanitar vəziyyətlə bağlı İsrailin ünvanına yönələn beynəlxalq tənqidlər, eləcə də anklavın müharibədən sonrakı idarəçiliyinin gələcəyi ilə bağlı müzakirələr fonunda verilib.

İsrailin Baş naziri Binyamin Netanyahu rəsmi Təl-Əvivin Qəzza zolağını ilhaq etmək niyyətində olmadığını bildirib.

“Report” “The Times of Israel”ə istinadən xəbər verir ki, o, bu barədə Hindistanın ingilisdilli “CNN-News18” nəşrinə müsahibəsində deyib.

Netanyahu vurğulayıb ki, İsrail Qəzzanı ilhaq etməyəcək və bu əraziyə nəzarəti keçid idarəetmə orqanına verməyi planlaşdırır.

O, həmçinin İsrailin hazırkı münaqişədə əsas məqsədlərini təsdiqləyib: HƏMAS-ın tamamilə məhv edilməsi və qalan bütün girovların qeyd-şərtsiz azad edilməsi.

İsrail Baş nazirinin sözlərinə görə, hərəkat üzvləri silahlarını yerə qoysa və oğurlananların hamısını azad etsə, döyüşlər tez bitə bilər.

Xatırladaq ki, daha əvvəl “Ynet” Netanyahunun rəhbərlik etdiyi İsrail hökumətinin Qəzza zolağının tam işğalına keçid planlarını təsdiqləməyə hazırlaşdığını bildirmişdi.