
Bakı. Trend:
Avropanın müxtəlif ölkələrindən on mindən çox hotel
“Booking.com” platformasını Avropa İttifaqının (Aİ) antiinhisar
qanunvericiliyini pozmaqda ittiham edərək məhkəməyə vermək üçün
birləşib.
Trend-in
məlumatına görə, iddiaçı hotellər şirkəti qiymətləri süni şəkildə
aşağı salmaqda və “ədalətsiz şərtlər” tətbiq etməkdə ittiham
edirlər. Xüsusilə, digər satış kanalları vasitəsilə daha aşağı
tariflərin təklif edilməsinə qoyulan qadağa vurğulanır.
İddia Amsterdam məhkəməsinə “Hotrec” sənaye təşkilatı və 30
milli hotel assosiasiyasının dəstəyi ilə “Hotel Claims Alliance”
tərəfindən təqdim edilib. Hotellər 2004–2024-cü illər ərzində
gördükləri ziyana görə kompensasiya tələb edirlər.
2024-cü ildə Aİ-nin Ədalət Məhkəməsi “Booking”in əsas
şərtlərindən birinin rəqabət qaydalarını pozduğunu müəyyən etmişdi.
Həmin il şirkət Aİ-nin “Rəqəmsal bazarlar haqqında” Qanununun
qüvvəyə minməsindən sonra bu təcrübədən imtina edib.
“Hotrec”in araşdırmasına görə, “Booking Holdings” 2024-cü ildə
Avropa onlayn bron bazarının 71 faizinə nəzarət edirdi. Hotel
sənayesi nümayəndələri iddia edirlər ki, bu dominant mövqe şirkətə
komissiya haqlarını 25 faizə qədər yüksəltməyə və hotellərin
mənfəətini azaltmağa imkan verir.
“Booking.com” isə bildirib ki, iddianı hələ almayıb və baş
verənləri hotel sənayesinin təşəbbüsü hesab edir. Ekspertlər
prosesin illərlə davam edə biləcəyini proqnozlaşdırırlar.